RU

Uşaqlıqda kariyes infarkt riskini artırır ARAŞDIRMA

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Uşaqlıq dövründə kariyes və ağır diş əti xəstəlikləri keçirən şəxslərdə yetkin yaşda infarkt, insult və ürəyin işemik xəstəliyi riski daha yüksək ola bilər. Bu nəticə Kopenhagen Universiteti alimlərinin apardığı araşdırmada ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri International "Journal of Cardiology"  jurnalında dərc olunub.

Araşdırma 1963–1972-ci illərdə Danimarkada doğulmuş 568 778 nəfərin məlumatları əsasında aparılıb. Alimlər əvvəlcə Milli Uşaq Stomatologiyası Reyestrinin (SCOR) məlumatlarını təhlil edib, daha sonra bu göstəriciləri 1995–2018-ci illəri əhatə edən Milli Pasiyent Reyestrindəki ürək-damar xəstəlikləri qeydləri ilə müqayisə ediblər. Həmin dövrdə iştirakçıların yaşı 30–56 aralığında olub.

Nəticələr göstərib ki, uşaqlıqda çoxsaylı kariyes problemi olan şəxslərdə yetkin yaşda ürək-damar xəstəliklərinin yaranma riski diş problemi az olanlarla müqayisədə 45 faiz daha yüksəkdir. Ağır gingivit (diş əti iltihabı) keçirmiş şəxslərdə isə bu risk 41 faiz artıb. Eyni zamanda, uşaqlıqda ağız boşluğunun vəziyyəti nə qədər pis olubsa, gələcəkdə ürək xəstəliklərinin yaranma ehtimalı da bir o qədər yüksəlib.

Tədqiqat müəllifləri vurğulayırlar ki, burada birbaşa səbəb-nəticə əlaqəsi deyil, statistik bağlılıqdan söhbət gedir. Ehtimal olunan mexanizmlərdən biri xroniki iltihabdır. Alimlərin fikrincə, erkən yaşlarda kariyes və diş əti xəstəlikləri zamanı yaranan iltihabi proseslər immun sisteminin reaksiyasına təsir göstərə və sonradan aterosklerozun inkişafına zəmin yarada bilər.

Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr periodontal xəstəliklərlə ürək-damar problemləri arasında əlaqəni göstərən əvvəlki araşdırmalarla da uyğunluq təşkil edir. Bu baxımdan, uşaqlıqdan etibarən stomatoloji problemlərin profilaktikası uzunmüddətli ürək-damar sağlamlığı üçün mühüm amil kimi qiymətləndirilir.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
1
redaktor.az

2Источники