RU

Netanyahu: İrana zərbə qaçılmaz idi onlar nüvə proqramını yenidən qururdular

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının məcburi addım olduğunu bildirib. Onun sözlərinə görə, ötən il nüvə obyektlərinə endirilən zərbələrdən sonra Tehran planlarından imtina etməyib və nüvə proqramını bərpa etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazir "Fox News" telekanalına müsahibəsində qeyd edib.

“Biz onların nüvə obyektlərinə və ballistik raket proqramına zərbə endirdikdən sonra düşünmək olardı ki, dərs çıxaracaqlar. Amma belə olmadı. Çünki onlar bu məsələdə fanatikdirlər və Amerikanı məhv etmək niyyətindən əl çəkmirlər”, – deyə İsrailin hökumət rəhbəri vurğulayıb.

Netanyahu iddia edib ki, İran yaxın aylarda raket və nüvə proqramlarını toxunulmaz edə biləcək yeni yeraltı obyektlərin tikintisinə başlayıb. “Onlar yeni obyektlər, yeraltı bunkerlər inşa edirdilər. Bir neçə ay ərzində bu, onların ballistik raket və atom bombası proqramını toxunulmaz edəcəkdi. Əgər indi tədbir görülməsəydi, gələcəkdə artıq heç nə etmək mümkün olmayacaqdı. O zaman onlar Amerikaya hədə-qorxu gələ, şantaj edə bilərdilər. Buna görə qətiyyətli addım atmaq lazım idi və bunun üçün Donald Tramp kimi qətiyyətli prezident tələb olunurdu”, – deyə o bildirib.

Baş nazir İran rəhbərliyinin əsas fiqurlarının və raketdən müdafiə sistemlərinin zərərsizləşdirilməsini mühüm qələbə adlandırıb.

“Amerika – İsrailin əvəzolunmaz müttəfiqi və İsrail – Amerikanın nümunəvi müttəfiqi birlikdə hərəkət edəndə heyrətamiz nəticələr əldə olunur”, – deyə o əlavə edib.

Netanyahu İrana qarşı atılan addımları regionda mümkün siyasi nizamlanma perspektivləri ilə də əlaqələndirib və Səudiyyə Ərəbistanı ilə sülhün yaxın gələcəkdə mümkün olacağını bildirib. “Düşünürəm ki, Səudiyyə Ərəbistanı bundan böyük fayda əldə edəcək. İranın ətrafındakı bütün ölkələr onun təhdidi altındadır. Razılaşma tam realdır və çox yaxın görünür”, – deyə o qeyd edib.

Baş nazir əlavə edib ki, Tehranda hakimiyyət dəyişikliyi İran xalqına “taleyini öz əlinə almaq” və yeni hökumət formalaşdırmaq imkanı verə bilər.

“İran illərdir müharibənin əsas hərəkətverici qüvvəsidir. Yaxın Şərqdə gördüyünüz problemlərin 95 faizi məhz İrandan qaynaqlanır”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, rejimin zəifləməsi bütün region üçün yeni gələcəyə yol aça bilər. “İranın əlindən gücü aldıqda və xalqına terror maşınının boyunduruğundan azad olmaq imkanı verdikdə, tamamilə fərqli gələcək əldə edirsiniz”, – deyə o vurğulayıb.

Sonda Netanyahu hazırkı addımların uzunmüddətli münaqişəyə deyil, davamlı sülhə xidmət etdiyini bildirib. “Bu, sülhə aparan yoldur – daha geniş sülhə. Mən buna nail ola biləcəyimizə inanıram. Bu, sonsuz müharibə deyil. Əksinə, heç təsəvvür etmədiyimiz bir sülh dövrünün başlanğıcıdır”, – deyə o yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
113
50
bizimyol.info

10Источники