RU

Sadə texniki tənzimləmə ilə internet sürətini 5-10 dəfə artırmaq olar

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ev və ofis şəraitində daha stabil, sürətli və təhlükəsiz internet bağlantısının təmin edilməsi məqsədilə internet istifadəçiləri üçün “Wi-Fi optimallaşdırma tövsiyələri” adlı yeni texnoloji bələdçi hazırlayıb. Bələdçi geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulub və gündəlik internet problemlərinin praktik yollarla həllini əhatə edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, sənəddə internet sürətinin zəifləməsinin hər zaman provayderlə bağlı olmadığı, əksər hallarda isə daxili şəbəkə tənzimləmələri və avadanlıq yerləşdirilməsi ilə əlaqəli olduğu qeyd olunur. İstifadəçilərə internet problemini düzgün müəyyən etməyə və vaxt itirmədən effektiv həll yolları tapmağa kömək edən addım-addım tövsiyələr təqdim edilir.

Bələdçidə routerin düzgün yerləşdirilməsi, optimal tezlik seçimi, 2.4 GHz və 5 GHz fərqləri, Wi-Fi 5 və Wi-Fi 6 texnologiyalarının üstünlükləri, siqnal gücləndirmə üsulları və şəbəkə təhlükəsizliyi ilə bağlı ətraflı izahlar yer alır. Eyni zamanda, köhnə kabellərin və uyğun olmayan avadanlıqların internet sürətinə mənfi təsiri izah edilir.

Sənəddə istifadəçilərin cəmi bir neçə sadə texniki tənzimləmə ilə internet sürətini 5–10 dəfə artırmaq imkanına malik olduğu vurğulanır. Bununla yanaşı, ictimai Wi-Fi şəbəkələrində məlumat təhlükəsizliyi, fişinq riskləri və kibertəhlükəsizlik mövzularına xüsusi diqqət ayrılır.

Bələdçinin əsas məqsədi istifadəçilərin rəqəmsal savadlılığını artırmaq, internetdən daha səmərəli və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaqdır. İKTA bu təşəbbüslə vətəndaşların rəqəmsal mühitdə daha rahat və problemsiz fəaliyyətini dəstəkləməyi hədəfləyir.

Qeyd edək ki, “Wi-Fi optimallaşdırma tövsiyələri” bələdçisi həm fərdi istifadəçilər, həm də biznes və ofis mühitləri üçün praktik rəhbər vəsait kimi nəzərdə tutulub. Bələdçi ilə İKTA-nın rəsmi internet səhifəsi və sosial media platformaları vasitəsilə tanış olmaq mümkündür.

Избранный
40
1
azertag.az

2Источники