RU

Yıldız Deveci Bozkuş: “Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil” ifadəsi dosta güvən, düşmənə isə gözdağıdır - MÜSAHİBƏ VİDEO

Bakı, 3 mart, AZƏRTAC

Cənubi Qafqazda münaqişədən sonrakı mərhələdə Azərbaycan–Ermənistan münasibətləri yeni və həssas bir dövrə qədəm qoyub. Paraflanmış sülh sazişinin yekun imzalanması, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi, eləcə də bu ölkədə keçiriləcək parlament seçkilərinin regiondakı proseslərə mümkün təsiri hazırda əsas müzakirə mövzularındandır. Bununla yanaşı, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında da vurğuladığı kimi, artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadirdir.

Mövcud vəziyyət və normallaşma perspektivləri ilə bağlı AZƏRTAC-ın suallarını Ankara Universitetinin professoru, ermənişünas-alim Yıldız Deveci Bozkuş cavablandırıb.

– Yıldız xanım, Azərbaycan–Ermənistan münasibətlərində mövcud durumu necə qiymətləndirirsiniz? Sizcə, münaqişədən sonrakı dövrdə tərəflər arasında etimadın formalaşması üçün hansı addımlar atılmalıdır?

– Azərbaycan–Ermənistan münasibətlərində proses normal şəkildə irəliləyir. Həm münasibətlərin normallaşması, həm də Zəngəzur dəhlizi ilə bağlı qeydə alınan inkişaflar Cənubi Qafqazda normallaşma prosesinin qapılarını aralayıb. Bu yeni mərhələdə Azərbaycan–Ermənistan münasibətləri ilə yanaşı, Türkiyə–Ermənistan münasibətlərində də normallaşma prosesi başlayıb. Bu baxımdan, Qarabağın işğaldan azad edilməsi həm regional, həm də qlobal miqyasda yeni reallıqlar yaratdı.

Hazırkı dövrdə dünyanın adətən bir alov topuna döndüyü bir şəraitdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma mərhələsinə daxil olmasının nə qədər önəmli olduğunu bir daha gördük.

Münaqişədən sonra qalıcı sülhün təmin edilməsi baxımından tərəflərin üzərinə böyük məsuliyyət düşür. Göründüyü kimi, tərəflər bu istiqamətdə üzərlərinə düşən vəzifələri böyük ölçüdə yerinə yetirirlər. İkili və çoxtərəfli görüşlərin keçirilməsi, ABŞ-də imzalanan TRIPP sazişi, saziş çərçivəsində Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi kimi addımlar olduqca əhəmiyyətlidir.

– Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sazişinin yekun imzalanmasını müəyyən edən əsas siyasi və hüquqi amillər barədə nə deyə bilərsiniz? Xüsusilə Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarına dair müddəalarla bağlı fikriniz maraqlıdır.

– Bu məsələdə siyasi baxımdan Ermənistan rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Ermənistan hökumətinin konstitusiya ilə bağlı atacağı addımlar və rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünə dair gözləntilərinin qarşılanması mühüm əhəmiyyət daşıyır. Bunun üçün Ermənistanın konstitusiya dəyişikliklərinə getməsi zəruridir. Lakin bu addımın qısa müddətdə atılması çətin görünür.

Bununla belə, iyun seçkilərindən sonra Ermənistan hökumətinin diaspor və millətçi qrupların təzyiqlərinə baxmayaraq bu istiqamətdə mühüm addımlar atacağı ehtimal olunur. Qlobal və regional prosesləri izləyən Ermənistan yəqin ki, qonşuları ilə yaxşı münasibətlər qurmaq və normallaşma prosesinə qoşulmaqdan başqa alternativinin olmadığını yaxşı başa düşür. Ermənistan hökumətinin Türkiyə ilə normallaşma istiqamətində atdığı addımlar da bu siyasətin göstəricisidir.

– Seçkidən söz düşmüşkən, sizcə, Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri ölkənin xarici siyasət xəttinə və Azərbaycanla normallaşma prosesinə necə təsir göstərəcək?

– Ermənistan seçkiləri əslində həm İrəvan, həm də Bakı üçün bir fürsətdir. Əsas məsələ bu fürsətin necə dəyərləndiriləcəyidir. Mövcud Ermənistan hökumətinin bu seçkidən güclənərək çıxacağı qənaətindəyəm. Bu halda ölkənin xarici siyasətində Qərbə yönəlmə və qonşularla münasibətlərin yaxşılaşdırılması real siyasət çərçivəsində davam edəcək. Bu isə Azərbaycanla normallaşma prosesinin sürətlənməsinə gətirib çıxara bilər. Nəticədə region daha qısa müddətdə rifaha və sabitliyə qovuşar. Bu, bütün qonşu dövlətlərin arzusudur. İranda baş verən hadisələr göstərir ki, qeyri-sabitlik bütün dünyaya təsir edir. Bu səbəbdən əldə olunmuş sülh imkanını qaçırmamaq lazımdır.

– Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılış mərasimində Azərbaycanın artıq 1992-ci ilin Azərbaycanı olmadığını, güclü və özünü müdafiə etmək qabiliyyətinə malik dövlət olduğunu vurğuladı. Bu barədə də fikrinizi öyrənək.

– Azərbaycan Sovet İttifaqının dağılmasından sonra formalaşan yeni vəziyyətdə bir çox sahələrdə mühüm investisiyalar həyata keçirib və bu investisiyaların nəticələri artıq görünməkdədir. Bunun ən bariz nümunəsi Qarabağ müharibəsində özünü göstərdi. Bu gün Bakı Cənubi Qafqazda olduğu kimi, ümumilikdə Türk dünyasında da parlayan ulduzdur.

Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi çərçivəsində hərbi, ticarət və siyasi sahələrdə daha da güclənən Azərbaycan xüsusilə müdafiə sahəsində Türkiyə ilə mühüm əməkdaşlıq siyasəti həyata keçirir. Bu baxımdan Prezident Əliyevin “Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil” ifadəsi mühüm və strateji məna daşıyır. Bu dosta güvən, düşmənə isə gözdağıdır. Eyni zamanda, bu ifadələr Bakının artıq regional və qlobal miqyasda önəmli aktor kimi çıxış etdiyini göstərir.

– Yıldız xanım, Bakıya təyyarə ilə gəldiniz. Bir gün Ankara–Pekin dəmir yolu ilə, Zəngəzur dəhlizi vasitəsilə Bakıya gələcəyinizi necə təsəvvür edirsiniz?

– İnanıram ki, Ankara–Pekin dəmir yolu xətti siyasi, iqtisadi və mədəni baxımdan çoxölçülü bir mənzərə ortaya qoyacaq. Enerji marşrutlarının yenidən formalaşdığı, nəqliyyat və infrastruktur layihələrinin qlobal rəqabətin əsas elementinə çevrildiyi indiki dövrdə belə bir marşrut strateji əhəmiyyət daşıyır.

Bu xətt yalnız regional deyil, qlobal miqyasda da çoxşaxəli təsirlər yarada bilər. Xüsusilə İran mərkəzli proseslər və regional həssaslıqlar nəzərə alındıqda alternativ və təhlükəsiz quru dəhlizlərinin əhəmiyyəti daha da artır. Bu kontekstdə Zəngəzur üzərindən Bakıya uzanan dəmir yolu xətti Azərbaycan və Türkiyənin Türk dünyası ilə iqtisadi və geosiyasi inteqrasiyası baxımından mühüm mərhələ ola bilər.

Daha da önəmlisi, bu marşrut Ankara və Bakının Rusiya–Çin–Avropa İttifaqı arasında balans siyasətini daha çevik və çoxşaxəli şəkildə həyata keçirməsinə imkan verər. Enerji ixracatçısı olan Azərbaycan bu prosesdə logistika və strateji qovşaq kimi rolunu gücləndirə bilər.

Beləliklə, sözügedən dəmir yolu xətti yalnız nəqliyyat layihəsi deyil, həm də regional güc memarlığının yenidən formalaşdırılması anlamına gəlir və qlobal tədarük zəncirlərində yeni mövqelənmə imkanı yaradır.

Səbinə Əlizadə - müxbir

Избранный
5
azertag.az

1Источники