RU

Odla bağlı qədim inanclar: Oda hörmətsizlik günah sayılır, alov qarşısında and içmək müqəddəs qəbul edilirdi

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Novruz bayramına aparan yol dörd müqəddəs çərşənbədən keçir. Bu gün od çərşənbəsidir. Od çərşənbəsi sadəcə tonqal qalamaq mərasimi deyil, bu, insanın özünü, evini və ruhunu yeniləmək istəyinin ifadəsidir.

Od çərşənbəsi qədim inanclara görə, Novruza qədər olan çərşənbələrdən ən müqəddəsidir.

Od həyatın davamının rəmzi sayılır. İşıq və istilik mənbəyi olan alov insanı qaranlıqdan qoruyur, təhlükəsizlik hissi verirdi. Bu səbəbdən od yalnız fiziki hadisə deyil, həm də mənəvi simvol kimi qəbul edilirdi.

Qədim inanca görə od təmizləyici qüvvəyə malikdir. O, xəstəlikləri, pis enerjini, uğursuzluğu yandırıb yox edir.

Oda hörmətsizlik günah sayılır, alov qarşısında and içmək müqəddəs qəbul edilirdi.

Od-ocaq ailənin, nəslin və həyatın davamının rəmzidir. “Ocağın sönməsin” ifadəsi sadəcə arzu deyil, nəsil və soy davamlılığı üçün edilən duadır.

Od çərşənbəsi insanın mənəvi yenilənməsi kimi qəbul olunur.

Od çərşənbəsi ilə bağlı müxtəlif inanclar və adətlər var:

Od çərşənbəsi axşamı həyətlərdə tonqallar qalayırlar. İnsanlar ocağın üzərindən atlanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyirlər. Bu mərasim rəmzi şəkildə köhnə ilin ağırlıqlarından xilas olmaq anlamını daşıyır. Od çərşənbəsində insanlar tonqalın üzərindən yeddi dəfə atlanmaqla təmizləndiklərini düşünürdülər. Bu gün də bu adətlər davam edir. Daha sonra tonqalın külünü həyətin bir küncünə səpərək bərəkət diləyərdilər.Eyni zamanda çərşənbə axşamlarında hər ailə üzvünün adına şam yandırılardı.Bu günə qədər gəlib çıxmasa da, qonşular arasında od paylaşmaq adəti də var idi. Belə ki, bir ocaqdan digərinə alov aparardılar. Bu davranış birlik və həmrəyliyin rəmzi kimi qəbul olunur.

İnanca görə, od çərşənbəsində edilən dualar tez qəbul olunur. Alov sanki insanın arzusunu göylərə çatdıran bir vasitə kimi düşünülürdü.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
94
bizimyol.info

1Источники