RU

Azərbaycanla Avropa İttifaqının enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur Ekspert rəyi

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan ilə Avropa İttifaqının (Aİ) mövcud enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Fikrimcə, dünən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunu məhz Avropa İttifaqı və Azərbaycanın Brüsseldə enerji üzrə yüksəksəviyyəli dialoq keçirmək barədə razılığa gəlməsidir. Özü də bunun Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen tərəfindən bəyan edilməsi onu göstərir ki, indiyə qədər mövcud olmuş enerji əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyacaq”, - deyə ekspert qeyd edib.

O bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə yüksəksəviyyəli dialoq yeni mexanizm deyil. Yəni söhbət tamamilə yeni platformadan yox, mövcud əməkdaşlığın artıq institusional şəkildə davamından gedir: “Xatırlatmaq istərdim ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının bu il artıq 20-ci ili tamam olur. Məhz 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və o zaman Avropa Komissiyasının sədri olan Xose Manuel Barrozu tərəfindən imzalanmış Enerji üzrə Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bu dialoqun hüquqi əsasını qoydu. 2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan və Aİ arasında “Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə”nin imzalanması Avropa İttifaqının Azərbaycandan təbii qaz idxalı üzrə layihələrə dəstək üzrə işçi çərçivənin müəyyənləşdirilməsini gündəmə gətirdi. 2022-ci il iyulun 18-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin imza atdıqları “Enerji sahəsində Əməkdaşlıq Memorandumu” dəyişən dünya çapında enerji təhlükəsizliyinin artırılması üçün Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün 2 dəfə artırılması barədə tərəflərin razılaşması idi”.

İlham Şabanın sözlərinə görə, yüksəksəviyyəli enerji dialoqu artıq sırf şirkətlərarası və ya texniki səviyyədə keçirilən görüşlər deyil.

“Bu, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı sahəsində strateji və siyasi qərarların formalaşdırılmasını özündə ehtiva edən mərhələ olacaq. Bu baxımdan Brüsseldə planlaşdırılan yüksək səviyyəli enerji dialoqu ehtimal ki, təkcə mövcud qaz həcmləri deyil, həm də uzunmüddətli enerji keçidi gündəliyi (bərpaolunan enerji, yaşıl enerji kabeli layihələri və sair) ətrafında Azərbaycanla Avropa İttifaqının orta perspektiv üçün əməkdaşlığına töhfə verən bir platforma olacaq”, - deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
azertag.az

2Источники