
Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda İrandakı “Buşehr” Atom Elektrik Stansiyası (AES) tikinti sahəsində işləri tamamilə dayandırdığını açıqlayıb.
Yeniavaz.com “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Lixaçev məlumat verib.
Lixaçev bildirib ki, “Rosatom”un mütəxəssisləri hazırda İranın nüvə sənayesi rəhbərliyi ilə əlaqəni itiriblər:
“Telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkün deyil. İranın nüvə obyektlərindəki mövcud vəziyyət qeyri-müəyyəndir”.
Bununla belə, şirkət rəhbəri qeyd edib ki, “Buşehr” AES-in rəhbərliyi və tikinti layihəsi menecerləri ilə müntəzəm əlaqə saxlanılır.
Qeyd olunur ki, hazırda stansiyada 639 rusiyalı mütəxəssis çalışır. Şirkətin bir qrup əməkdaşı isə Tehranda yerləşir və onların artıq ölkəni tərk etməyə başladığı bildirilir.
Lixaçev qeyd edib ki, bağlanma prosesi və iş rejimi nəzərə alınaraq “Buşeh” ərazisindən mərhələli təxliyə planlaşdırılır.
Fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı gün “Rosatom” əməkdaşlarının uşaqları və bir sıra işçilərin ölkədən çıxarıldığını açıqlamışdı. Ümumilikdə 94 nəfərin təxliyə edildiyi bildirilib. Qalan əməkdaşlar ya AES ərazisində, ya da yaşayış məntəqəsində yerləşdirilib, Tehranda çalışan işçilər isə Rusiya səfirliyindədir.
Lixaçev həmçinin vurğulayıb ki, nüvə enerjisi obyektləri heç bir halda hərbi hədəfə çevrilməməlidir. Onun sözlərinə görə, şirkət “Buşehr” AES-dəki vəziyyət barədə mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinə məlumat verir və mümkün təxliyə qərarları üçün siyasi dəstəyə ehtiyac ola bilər.