RU

ABŞ və İsrail İranda “kürd kartı”na əl atır “İranda xaos yaradılacaq...”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda kürd müxalif qüvvələri silahlandırmaq və ölkədə xalq üsyanını qızışdırmaq üzərində işləyir. 

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ hökumətinin planları ilə tanış olan mənbələr CNN-ə məlumat verib.

Onlardan birinin sözlərinə görə, məqsəd kürd silahlı qrupları ilə İran təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaratmaq, bu qüvvələri kürdlərlə mübarizəyə çəkməkdir. Nəticədə bu, böyük şəhərlərdə kütləvi aksiyalar keçirməyə imkan verəcək və başı qarışan təhlükəsizlik qüvvələri aksiyalara yanvar ayında olduğu kimi güclü müdaxilə edə bilməyəcəklər.

Başqa bir mənbə qeyd edib ki, kürdlər bölgədə xaos yaratmağa və İran rejiminin hərbi resurslarını tükəndirməyə kömək edə bilər. Həmçinin, kürdlər Şimali İranda əraziləri ələ keçirə bilər ki, bu da İsrail üçün bufer zonası yaradacaq.

CNN mənbələrinə görə, martin 3-də ABŞ Prezidenti Donald Tramp İran Kürdüstan Demokrat Partiyasının başçısı Mustafa Hicri ilə danışıb. Ağ Ev həmçinin İraqdakı kürdlərlə danışıqlar aparır, çünki İrandakı kürdləri silahlandırmaq üçün onlara ehtiyac var. Onlar silahların ötürülməsinə və İraq Kürdüstanının istifadəsinə icazə verməlidirlər.

Iddia olunur ki, İrandakı kürdlərin yaxın günlərdə hərbi əməliyyatda iştirakı gözlənilir. Kürd qrupları həmişəki kimi ABŞ və İsrailin dəstəyinə ümid edirlər. CNN-in qeyd etdiyi kimi, İran kürd silahlı qruplarının minlərlə döyüşçüsü var. ABŞ və İsrailin İrana zərbəsindən dərhal sonra onlar İran ordusunu “xalqın tərəfinə keçməyə” çağırıblar.

Bu arada, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanındakı İran əleyhinə qruplara zərbələr endirdiyini bildirib. SEPAH onların İran ərazisinə nüfuz etməyi və "İslam vətəninə qarşı hərəkət etməyi" planlaşdırdıqlarını bildirib.

Göründüyü kimi, ABŞ və İsrail bölgədə yenə “kürd kartı”nı işə salmağa çalışır. Görünür, hava zərbələri ilə İrandakı rejimi dəyişməyin, yaxud öz tələblərini qəbul etdirməyin mümkünsüzlüyü qənaəti yaranıb. Bunun üçün də yerdə hərəkətə keçməyə qərar verilib.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
50
azpolitika.info

10Источники