RU

Azərbaycanda neçə nəfərin virtual pulu var?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal kriptobirjada sutkalıq ticarətdə qarışıq dinamika müşahidə olunub. Belə ki, “Bitcoin”in (BTC) qiyməti 24 saatda 2,57% artaraq 67 945,35 ABŞ dollarına yüksəlib. 

BTC-nin bazar kapitallaşması 1,35 trln. dollar təşkil edib. “Ethereum”un (ETH) qiyməti 2,07% artaraq 1 993,25 dollara çatıb. Son 7 gündə ETH-nin qiyməti 9,16% yüksəlib.

Qlobal kriptobazarın kapitallaşması 2,3 trilyon dollar keçdiyi bir mərhələdə isə Azərbaycanda kriptovalyutalara maraq və investor sayı gündəmə gəlib. 

Bəs “Bitcoin”in 68 min dollara yaxınlaşması fonunda ölkədə kriptoinvestorların real sayı ilə bağlı rəsmi və ya qeyri-rəsmi statistika varmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında "Crypto Consulting” MMC-nin direktoru, "Kriptoinvest.az" portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda kripto investisiyaçıların sayı üzrə rəsmi statistika mövcud deyil. 

Lakin müxtəlif qeyri-rəsmi mənbələrə görə, ölkədə təxminən 120.000-ə yaxın kripto istifadəçisi var və bazarın tranzaksiya həcmi milyard dollarlarla ölçülür:

“Azərbaycanda kripto investorların sayı ilə bağlı səsləndirilən 100-120 min arası göstəricilər əsasən beynəlxalq araşdırma şirkətlərinin təxminlərinə, onlayn platformaların istifadəçi məlumatlarına və blokçeyn əməliyyat həcmlərinin modelləşdirilməsinə əsaslanır. 

Bu rəqəmlər birbaşa dövlət qeydiyyatına deyil, dolayı hesablamalara söykəndiyi üçün onların dəqiqlik səviyyəsi orta hesabla qiymətləndirilə bilər. Adətən bu tip qlobal hesabatlarda xəta payı yüksək olur, çünki eyni istifadəçinin bir neçə hesabı ola və ya xaricdə qeydiyyatdan keçmiş platformalar yerli istifadəçi kimi görünməyə bilər. 

Buna görə qeyri-rəsmi məlumatların tam dəqiq olduğunu söyləmək mümkün deyil. Onlar bazarın ümumi miqyası barədə təsəvvür yaradır, lakin real aktiv investor sayı göstərilən rəqəmdən həm aşağı, həm də yuxarı ola bilər. Xüsusilə əməliyyat həcmi barədə rəqəmlər ölkə daxilində deyil, qlobal platformalar üzərindən həyata keçirilən əməliyyatlara əsaslandığı üçün milli səviyyədə tam ölçülə bilmir”.

Elnur Quliyev vurğulayıb ki, rəsmi statistikanın formalaşması üçün ilk növbədə hüquqi tənzimləmə mexanizmi olmalıdır:

“Kriptovalyutaların hüquqi statusu, investorların qeydiyyat sistemi və platformaların lisenziyalaşdırılması aydın müəyyən edilməlidir. Yerli və ya ölkədə fəaliyyət göstərən rəqəmsal aktiv platformaları dövlət qurumlarına mütəmadi hesabat təqdim etməlidir. 

Eyni zamanda, bank və ödəniş sistemləri vasitəsilə kripto ilə bağlı əməliyyatların statistik uçotu aparılmalıdır. Dövlət Statistika Komitəsi və maliyyə nəzarəti orqanları üçün ayrıca hesabat standartları müəyyən edilərsə, investor sayı və bazar həcmi üzrə rəsmi məlumatların açıqlanması mümkün olar. 

Bu isə bazarın şəffaflığını artırar, risklərin qiymətləndirilməsini asanlaşdırar və həm investorlar, həm də tənzimləyici qurumlar üçün daha sağlam qərar mühiti yaradar”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

kriptovalyutalar Elnur Quliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
1
cebheinfo.az

2Источники