RU

"Türkiyə müdafiə xarakterli hərbi addımlar ata bilər" - Türk general DANIŞDI

"Ankara hadisələri diqqətlə izləsə də, hazırkı mərhələdə Türkiyənin birbaşa müharibəyə qoşulma ehtimalı aşağı hesab olunur. Bunun əsas səbəbi Türkiyənin regional böhranlarda ənənəvi olaraq balans siyasəti yürütməsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.

O qeyd etdi ki, Ankara həm NATO üzvü kimi Qərb təhlükəsizlik sisteminin bir hissəsidir, həm də İranla qonşu və iqtisadi tərəfdaş olan ölkədir:

"Bu iki istiqamət arasında tarazlığı qorumaq Türkiyə xarici siyasətinin əsas xəttini təşkil edir. Rəsmi mövqedə adətən diplomatik həll, atəşkəs və vasitəçilik çağırışları üstünlük təşkil edir. Regional müharibənin genişlənməsi isə Türkiyənin təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi risklər yarada biləcəyi üçün Ankara daha çox gərginliyi azaltmağa çalışan aktor kimi çıxış edir. Bununla yanaşı, müəyyən hallarda Türkiyənin daha aktiv rol alması ehtimalı tamamilə istisna edilmir".

Müsahibimizin fikrincə, münaqişə NATO ölkələrinə qarşı genişmiqyaslı hücumlara çevrilərsə, Türkiyə NATO mexanizmləri çərçivəsində iştirak edə bilər.

"Eyni zamanda, Türkiyə ərazisinə birbaşa təhlükə yaranarsa raket və ya dron hücumları, sərhədlərdə terror və silahlı qrupların aktivləşməsi, yaxud böyük qaçqın axınının təhlükəsizlik böhranına çevrilməsi kimi hallarda Ankara müdafiə xarakterli hərbi addımlar ata bilər. Bundan başqa, regional sabitliyin qorunması məqsədilə məhdud hərbi iştirak, məsələn hava müdafiəsi və ya dəniz təhlükəsizliyi sahəsində fəaliyyət də mümkün ssenarilər sırasındadır. Münaqişənin Türkiyə üçün yaratdığı əsas strateji risklər enerji təhlükəsizliyi, regional sabitlik və miqrasiya faktorları ilə bağlıdır. Hörmüz boğazının bağlanması dünya neftinin təxminən beşdə birinin tədarükünü risk altına sala bilər ki, bu da qlobal enerji bazarları ilə yanaşı Türkiyə iqtisadiyyatına da ciddi təsir göstərə bilər. Eyni zamanda, İraq və Suriyada yeni təhlükəsizlik boşluqlarının yaranması ehtimalı Ankaranın narahatlıqları sırasındadır. Bölgədə genişmiqyaslı qarşıdurma böyük qaçqın axını riskini də artırır ki, bu da həm sosial, həm də təhlükəsizlik baxımından əlavə təzyiq yarada bilər".

General qeyd etdi ki, hazırkı mərhələdə Türkiyə paralel şəkildə diplomatik təşəbbüslərini davam etdirir, sərhəd və hava müdafiəsini gücləndirir, eyni zamanda enerji və iqtisadi risklərin idarə olunmasına fokuslanır:

"Ümumilikdə, mövcud şəraitdə Türkiyənin birbaşa müharibəyə qoşulması ehtimalı aşağı qiymətləndirilir. Ankara daha çox balanslaşdırıcı və vasitəçi rolunu qorumağa çalışır. Lakin münaqişə genişlənər və ölkənin təhlükəsizliyi birbaşa təhdid altına düşərsə, Türkiyə müdafiə məqsədli addımlar ata bilər".

Xədicə BAXIŞLI

Избранный
55
1
redaktor.az

2Источники