RU

Ekspert: Azərbaycan enerji sahəsində artıq əsas təminatçı ölkə kimi tanınır

Bakı, 4 mart, AZƏRTAC

Martın 3-də Bakıda Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 4-cü iclasları bir daha əyani şəkildə göstərdi ki, ölkəmiz, enerji sahəsində malik olduğu öz resurs potensialını və onu reallaşdırma prosesini çox yüksək səviyyədə nümayiş etdirə bilir. Nəticədə də təkcə maraqlı tərəflərin deyil, kənar dairələrin, hətta aidiyyəti olmayan mərkəzlərin də diqqəti cəlb olunur, əməkdaşlıq edənlərin və etmək istəyənlərin sayı durmadan artır, kiçik enerji ölkəsi olmağımıza baxmayaraq, bu sahədə bir növ paytaxta çevrilirik.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Pərviz Heydərov qeyd edib ki, əslində, 12 ildir keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və artıq, 4-cü ildir ona paralel şəkildə mövcud olan Yaşıl Enerji Məşvərət Şurası adlı platforma məhz bu məqsədə xidmət edir. “27 ölkə, 11 beynəlxalq maliyyə institutu ilə 49 enerji şirkətinin iştirakı vasitəsilə Bakı Konqres Mərkəzində keçirilən builki iclasda da dövlət başçımız İlham Əliyevin çıxışı diqqəti cəlb etdi. Çıxışda ölkəmizin dünyanın enerji sektoru tarixində oynadığı rol və son illər ərzində bu sahədə əldə etdiyi töhfələr ardıcıllıqla ifadə olundu.

Prezident İlham Əliyev nəzərə çatdırdı ki, ötən il bu vaxt 12 ölkəyə qaz tədarük edirdiksə, indi bunların sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə dünyada birinci yerdəyik. Almaniya və Avstriya da daxil olmaqla, hazırda Avropa İttifaqının 10 üzv ölkəsi Azərbaycandan qaz alır. Qaz təchizatımız təkcə Avropaya deyil, Yaxın Şərqə də çatır. Suriyaya 1.5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü bu ölkədə elektrik enerjisi qıtlığını aradan götürmək məqsədi daşıyır. Eyni zamanda, o da qeyd olundu ki, qaz ixrac etdiyimiz ölkələrin sayı artacaq. Çünki məqsəd ixracı maksimuma çatdırmaqdır.

Bəs, bu məqsədə çatmaq üçün qazımız varmı? Azərbaycan etibarlı tərəfdaşdır - sadiq təchizatçıdır! Odur ki, ölkəmiz ölçülü addım atır. Bu il "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylarından hasilata başlanacağı gözlənilir. 2-3 ilə "Abşeron" yatağının tammiqyaslı işlənmə mərhələsi başlayacaq ki, bu da hasilatı üç dəfə artıracaq. "Ümid" yatağının da ikinci mərhələsi üzrə qaz hasilatına start veriləcək. "Şahdəniz" yatağından yeni mərhələ üzrə hasilata isə 2028-ci ildə başlanacaq. Beləliklə də, bütün qeyd olunan profillər üzrə 10-15 milyard kubmetr əlavə qaz əldə olunacaq”, - deyə ekspert vurğulayıb.

Pərviz Heydərov diqqətə çatdırıb ki, dövlət başçımız yaşıl enerjidən də bəhs edib: “Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi nəzərdə tutub ki, bu sahədə də ixrac həyata keçirəcəyik. Həmçinin, qeyd olunan potensial daxili tələbatımız üçün istifadə etdiyimiz - elektrik üçün istehlak olunan qazın da bir hissəsini Avropaya satmağımıza imkan yaradacaq.

Bundan əlavə, Azərbaycan Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə edib. Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalayıb. İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan iki neftayırma müəssisəmiz olacaq. Bu, Aralıq və Egey dənizlərində ümumən 22 milyon tonluq neftayırma potensialı deməkdir. Yəni, davamlı neft məhsulları təchizatı, minlərlə yanacaqdoldurma stansiyası.

Azərbaycan həm də tranzit ölkəsidir. Ölkəmiz vasitəsilə Qazaxıstan və Türkmənistandan nəql olunan neftin həcmi ildən-ilə artır. Dövlət başçımız nəzərə çatdırdı ki, Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq”, - deyə P.Heydərov əlavə edib.

Ekspert bildirib ki, ümumiyyətlə, sözügedən tədbirdə Prezidentimizin çıxışından bir daha məlum oldu ki, Azərbaycan enerji sahəsində nəinki hasilatçı və istehsalçı, təchizatçı, tranzitçi, həmçinin əsas təminatçı ölkə olaraq da tanınır və bu getdikcə, daha möhkəm təsbit olunacaq.

Избранный
103
azertag.az

1Источники