RU

Mehmet Yüce: Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində Ankara–Bakı xəttinin strateji rolunu gücləndirir

Bakı, 4 mart, AZƏRTAC

Cənub Qaz Dəhlizi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının ən mühüm elementlərindən biri olmaqla iki ölkə arasında enerji əməkdaşlığını yeni və daha yüksək strateji mərhələyə çıxarıb. Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri ilə əsası qoyulan enerji əməkdaşlığı Cənub Qaz Dəhlizi layihəsi ilə daha geniş və sistemli xarakter alıb. Bu layihə Türkiyənin regional enerji mərkəzinə çevrilməsi strategiyasının ən konkret və struktur elementlərindən biri kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a acıqlamasında türk politoloq, Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce bildirib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən geosiyasi proseslər, xüsusilə də İranın Hörmüz boğazını bağlaması ilə gündəmə gələn enerji təchizatı riskləri alternativ enerji marşrutlarının əhəmiyyətini daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi regional və qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir.

M.Yüce bildirib ki, Azərbaycan–Türkiyə enerji əməkdaşlığı kontekstində Cənub Qaz Dəhlizi iki ölkə arasında strateji tərəfdaşlığın institusional enerji arxitekturasına çevrilməsini təmin edib. Şahdəniz yatağından hasil olunan qazın TANAP və TAP vasitəsilə Avropaya nəqli Bakı ilə Ankara arasındakı münasibətləri ikitərəfli iqtisadi əməkdaşlıq çərçivəsindən çıxararaq regional enerji idarəçiliyinin əsas istiqamətlərindən birinə çevirib.

“Bu layihə eyni zamanda Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artıraraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirib və Türkiyəni bu sistemin əsas tranzit və paylama mərkəzi kimi mövqeləndirib.

Gələcəkdə Cənub Qaz Dəhlizinin ötürmə gücünün artırılması, Mərkəzi Asiya qazının sistemə inteqrasiyası və Şərqi Aralıq dənizi ilə Xəzər hövzəsi arasında yeni enerji əlaqələrinin qurulması Türkiyənin enerji mərkəzi olmaq strategiyasını daha da gücləndirə bilər. Belə bir ssenaridə Ankara yalnız tranzit ölkə deyil, enerji ticarətinin təşkil olunduğu, qiymətlərin müəyyənləşdirildiyi və regional enerji axınlarının koordinasiya edildiyi enerji habuna çevrilə bilər”.

Professor vurğulayıb ki, Cənub Qaz Dəhlizi yalnız enerji daşınması layihəsi deyil, həm də Avrasiya enerji geosiyasətində yeni güc balansı yaradan strateji infrastrukturdur. Bu layihə sayəsində Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı uzunmüddətli və institusional strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Избранный
24
1
azertag.az

2Источники