A.Əlizadə Azərbaycanın həm cənub, həm şimal qonşuları, həm də Ermənistanla balanslı siyasət yürütdüyünü vurğulayaraq qeyd edib ki, bu balansı qorumaq indiki şəraitdə asan deyil. Lakin ölkə rəhbərliyinin atdığı addımlar və həyata keçirilən siyasət təqdirəlayiqdir: “Hazırda İranda yaranmış vəziyyətlə bağlı müxtəlif ölkə vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi həyata keçirilir. Son məlumata görə, artıq 600-dən çox xarici vətəndaş Azərbaycan vasitəsilə təxliyə olunub və proses davam edir. Bu, Azərbaycanın sülhə, humanizmə və balanslaşdırılmış siyasətə sadiqliyinin növbəti göstəricisidir. Azərbaycan bütün dövlətlərlə, əvvəlki münasibətlərdən asılı olmayaraq, bərabərhüquqlu əməkdaşlıq və qonşuluq prinsipləri əsasında münasibətlər qurur. Bu siyasət regionda sabitliyə töhfə verməyə yönəlib. Müharibə qan və faciə deməkdir və biz müharibə istəmirik. Xüsusilə qonşu ölkələrdə müharibə şəraitinin yaranması ciddi narahatlıq doğurur. Cənubi Azərbaycanda və ümumilikdə İranda yaşayan soydaşlarımızın təhlükəsizliyi də bizi düşündürür. Hərbi eskalasiyanın tezliklə dayandırılması və dinc insanların həlak olmasının qarşısının alınması vacibdir. Eyni zamanda, Azərbaycan tərəflər arasında vasitəçilik təşəbbüsü ilə çıxış etməyə hazır olduğunu da bəyan edib. Ümid edirik ki, yaxın zamanda regionda sabitlik bərqərar olacaq və bütün ölkələr üçün sülh, təhlükəsizlik və rifah imkanları genişlənəcək”. Milli Məclisin deputatı Cavanşir Paşazadə isə öz açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən və xüsusilə torpaqlarımız azad olunduqdan sonra regionda, ümumilikdə isə Qafqazda geosiyasi vəziyyət dəyişib. Onun sözlərinə görə, bu gün ətraf ölkələrdə və digər dövlətlərdə baş verən hadisələr Azərbaycana ciddi təsir göstərməyəcək: “Çünki Azərbaycan çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdür. Avropa ölkələri və digər tərəfdaşlarla qurulan münasibətlər elə bir səviyyədədir ki, regiondakı geosiyasi proseslərin ölkəmizin daxili siyasətinə təsiri mümkün görünmür. Azərbaycan artıq özü bir sıra ölkələrdə həm siyasi, həm də digər sahələrdə təsir imkanlarına malik olan dövlətə çevrilib. Ona görə də ətraf ölkələrdə aparılan siyasətlərin birbaşa şəkildə bizim siyasətimizə təsir etməsi real deyil. Təbii ki, regionda baş verən müharibələr və gərginliklər xoşagəlməz hallardır. Heç birimiz istəmərik ki, qonşu ölkələrdə insanlar qırğına məruz qalsın, müharibə siyasəti davam etsin. İnanıram ki, yaxın dövrdə bu məsələlər sülh yolu ilə öz həllini tapacaq. Hesab etmirəm ki, bu proseslər Azərbaycanın daxili siyasətinə və ya geosiyasi mövqeyinə ciddi təsir göstərə bilsin”.
C.Paşazadə qeyd edib ki, Azərbaycanın apardığı siyasət, Ali Baş Komandanın yürüdüyü xətt güclü, davamlı və dayanıqlıdır. Biz başqa ölkələrin siyasətinə qarışmırıq və öz siyasətimizi heç bir dövlətin xətti ilə qurmuruq: “Eyni zamanda, müharibə və insan qırğınlarını dəstəkləmirik. Azərbaycan sülh tərəfdarı olan ölkədir. Biz müharibə görmüş, qaçqınlıq yaşamış, Xocalı soyqırımı kimi faciəni yaşamış bir xalqıq. Müharibənin və təcavüzün nə olduğunu yaxşı bilirik. Məhz buna görə də arzumuz budur ki, ətraf ölkələrdə də sülh və sabitlik bərqərar olsun”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.