RU

Avropanı yeni enerji böhranı təhlükəsi gözləyir

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Yaxın Şərqdə davam edən müharibə Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub və bu vəziyyət qitəni yeni enerji böhranı ilə üz-üzə qoya bilər.

Məlumata əsasən, qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu isə Avropanın Ukrayna müharibəsinin başlanmasından təxminən dörd il sonra yenidən enerji böhranı təhlükəsi ilə qarşılaşdığını göstərir.

Analitiklər bildirirlər ki, əsas səbəblərdən biri Hörmüz boğazı vasitəsilə gəmiçilik fəaliyyətinin faktiki olaraq dayanmasıdır. Bundan əlavə, İranın Qatar ərazisinə endirdiyi zərbələr də qlobal enerji bazarlarında gərginliyi artırıb. Nəticədə Avropada qazın qiyməti cəmi bir neçə gün ərzində – cümə günündən etibarən – təxminən 53 faiz artıb.

Enerji məsələləri üzrə ekspert Henning Qloysteyn bildirib ki, Avropa ikiqat zərbə ilə üzləşir: “Avropa sənaye enerji böhranından yenicə çıxmışdı və indi bizi növbəti böhran gözləyir”.

Bununla yanaşı, qlobal qaz bazarında rəqabətin gücləndiyi də qeyd olunur. Belə ki, çərşənbə günü mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan və Fransa istiqamətində hərəkət edən tanker marşrutunu dəyişərək Asiyaya yönəlib. Bu isə Asiya iqtisadiyyatlarının enerji resursları uğrunda rəqabəti artırdığını göstərir.

Avropa Mərkəzi Bankının baş iqtisadçısı Filip Leyn isə xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibənin uzanması enerji qiymətlərinin artması səbəbindən inflyasiyanın ciddi şəkildə yüksəlməsinə və sənaye istehsalının kəskin azalmasına gətirib çıxara bilər.

Enerji bazarı üzrə analitiklər hesab edirlər ki, ən radikal ssenarilərdən biri Avropanın qaz təminatını sabitləşdirmək üçün yenidən Rusiyadan enerji idxalını artırmaq məcburiyyətində qalması ola bilər.

Poliqon.info

Избранный
72
poliqon.info

1Источники