RU

Azərbaycan bu prosesə tam hazırdır - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

Müharibənin uzunmüddətli xarakter alacağını gözləmirəm"

İran-ABŞ qarşıdurmasının dərinləşməsi qlobal və regional təhlükəsizlik sistemində yeni risklər formalaşdırır. İrana yönəlmiş hücumlar Yaxın Şərqdə hərbi-siyasi balansı dəyişdirə biləcək potensiala malikdir. Mövcud vəziyyət Cənubi Qafqaz üçün, dolayısı ilə Azərbaycan üçün də müəyyən təhlükələr yaradır.

Hafta.az-ın müsahibi politoloq Natiq Miridir:

- İran və İsrail-ABŞ qarşıdurmasının açıq müharibə fazasına keçməsi regionun təhlükəsizlik arxitekturasını necə dəyişə bilər?

- Regionun təhlükəsizlik arxitekturasının pozulması uzun illərdir ki, İran rejimi tərəfindən təzyiq vasitəsi və çəkindirici faktor kimi gündəmə gətirilir. Bu, əsasən psixoloji və siyasi təsir aləti kimi istifadə olunub. Lakin son əməliyyatlar göstərdi ki, Tehran münaqişənin miqyasını genişləndirməyə, onu bütün regiona yaymağa çalışsa belə, bu addım İrana real divident qazandırmır və nə Amerika Birləşmiş Ştatları, nə də İsrail üçün ciddi çəkindirici amilə çevrilmir. Əksinə, yaranmış vəziyyət digər region ölkələrini, xüsusilə Körfəz dövlətlərini İran əleyhinə daha sıx mövqe tutmağa sövq edir. Artıq ABŞ-la birlikdə Körfəz ölkələrinin özünümüdafiə hüququna dair birgə bəyanat səsləndirməsi və ortaq mövqenin nümayiş etdirilməsi göstərir ki, İranın addımları gözlənilən effekti verməyib. Bunun əvəzinə, Tehrana qarşı qüvvələrin daha da konsolidasiyasına və səfərbər olunmasına şərait yaradılıb.

Bu baxımdan müharibənin uzunmüddətli xarakter alacağını gözləmirəm. Ehtimal etmək olar ki, müəyyən mərhələdən sonra İranın hərbi və siyasi potensialı ciddi şəkildə zəifləyəcək. Rejimin tamamilə sıradan çıxarılması ssenarisi baş verərsə, bu, perspektivdə İranın dünyəvi dövlət modelinə keçidi üçün imkanlar aça bilər.

Belə bir İran isə qonşuları üçün təhlükə mənbəyi olmaqdan çıxaraq, regionun təhlükəsizlik arxitekturasına töhfə verən konstruktiv aktora çevrilə bilər. Bu halda ölkə indiki dağıdıcı xətt yürüdən tərəf deyil, regionun sabitliyində maraqlı olan iştirakçı statusu qazana bilər. O səbəbdən, bəzilərinin düşündüyü və böyük təhlükə kimi təqdim etdiyi ssenarini mən o qədər də fəlakətli hesab etmirəm. Əksinə, mövcud prosesləri Yaxın Şərq və bütövlükdə region üçün uzunmüddətli perspektivdə müsbət transformasiyanın başlanğıcı kimi qiymətləndirmək mümkündür. Tarix göstərir ki, hər bir ciddi geosiyasi dəyişiklik ilkin mərhələdə xaosla müşayiət olunur. Heç bir proses bir günün içində həllini tapmır. Lakin xaosdan sonra yeni təhlükəsizlik balansı və daha sabit nizam formalaşa bilər ki, bu da regiona sülh və inkişaf gətirə bilər.

Qeyd edim ki, müharibə davam etdiyi təqdirdə, ən azı bir neçə həftə ərzində Asiyada Çin-Tayvan xəttində yeni gərginlik müstəvisi yarana bilər. Ən böyük potensial təhlükələrdən biri məhz budur. Çünki Amerika Birləşmiş Ştatlarının diqqətinin İranla müharibəyə yönəldiyi bir şəraitdə Çin bu vəziyyətdən istifadə edərək Tayvana qarşı hücum əməliyyatları həyata keçirə, onu zərərsizləşdirərək özünə birləşdirməyə cəhd göstərə bilər. Yəni belə bir potensial təhlükə mövcuddur və bu halda ABŞ ilə Çin arasında qarşıdurma ehtimalı yarana bilər. Doğrudur, belə bir vəziyyətdə ABŞ-ın hansı qərarı qəbul edəcəyi tam aydın deyil. Lakin nəzərə almaq lazımdır ki, İranla hərbi əməliyyatların uzunmüddətli xarakter alması, yəni bir neçə həftə davam etməsi raket ehtiyatları və hava hücumundan müdafiə sistemlərinin imkanları baxımından müəyyən məhdudiyyətlər yarada bilər. Bu resurslar sonsuz deyil və müəyyən çərçivədə məhduddur. Beləliklə, əməliyyatlar qısa müddət üçün planlaşdırılıb. Bu şəraitdə Çin vəziyyətdən sui-istifadə edərək yeni münaqişə ocağı yarada bilər. Məncə, ən böyük potensial təhlükə məhz budur. Digər dövlətlərin isə real olaraq bu prosesə qoşulacağını düşünmürəm.

- Müharibənin coğrafi genişlənmə ehtimalı varmı və hansı ölkələr birbaşa və ya dolayı şəkildə cəlb oluna bilər?

- Regional ölkələrin prosesə qoşulması əsasən Körfəz dövlətləri ilə məhdudlaşır. Bunun səbəbi odur ki, bu mərhələdə əsas hədəflər məhz Körfəz regionu və ərəb ölkələridir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətər kimi ölkələr münaqişədən zərər görmə ehtimalı daşıyır. Onların özünü müdafiə hüququnu açıq şəkildə ortaya qoyması, İran və onun rejiminin zərərsizləşdirilməsi prosesində iştirakını şərtləndirə bilər. Artıq Səudiyyə Ərəbistanı bu mövzuda sərt və konkret bəyanat verib. Eyni zamanda, Körfəz ölkələri ABŞ-la birlikdə özünü müdafiə hüququ ilə bağlı ortaq bəyanat qəbul ediblər. Bu fakt göstərir ki, yaxın gələcəkdə İran bu ölkələri hərbi hədəfə çevirməyə çalışarsa, Tehran yalnız İsrail və ABŞ-la qarşılaşmayacaq, həm də Körfəz ölkələrinin qırıcı təyyarələri və raket sistemləri ilə üz-üzə qalacaq.

Digər qlobal güclər, xüsusən də bir zamanlar İranın müttəfiqi sayılan Rusiya və Çin, bu prosesdə birbaşa iştirak etməyəcəklər. Bunun səbəbi ABŞ-la birbaşa qarşı-qarşıya gəlmə riskidir. Bu baxımdan onların mövqeyi yalnız söz və bəyanatlar səviyyəsində qalacaq, lakin prosesin gedişinə real təsir göstərməyəcək.

- Bu qarşıdurma Yaxın Şərqdə mövcud hərbi-siyasi ittifaqları necə yenidən formalaşdıra bilər?

- Yaxın Şərqdə artıq müəyyən mənada bir Sülh Şurası – dolayısıyla bir sülh ittifaqı kimi qiymətləndirilə biləcək bir qurum fəaliyyət göstərir. Təxminən 60 ölkə bu qurumun təsis olunmasında bilavasitə iştirak edib və Vaşinqtonda 20-dən artıq ölkə, o cümlədən Azərbaycan, müəyyən nizamnamə və sənədləri qəbul edib. Bu, artıq bir birlik kimi dəyərləndirilir. Perspektivdə İrandakı rejim çökərsə və ölkədə yeni dünyəvi hakimiyyət mövcud olarsa, İran birləşdirici və sülhə töhfə verən ölkə kimi prosesə qoşula bilər. Bu da regionda, xüsusilə Yaxın Şərqdə sülhün təmin edilməsinə imkan yaradacaq. Alternativ ittifaqların formalaşması mövzusuna gəldikdə isə, hazırda ciddi potensial mövcud deyil. Əvvəllər Çin, Rusiya və İran kontekstində üçlük formatı mövcud idisə, bu format getdikcə zəifləyir və perspektivdə yeni və daha böyük alternativ ittifaqın formalaşacağı gözlənilmir. Hazırda tək və alternativsiz bir sülh şurası mövcuddur ki, bu da regiondakı əksər dövlətlərin sülh istəyini ortaya qoyur.

- Enerji marşrutları və strateji boğazlar üzərində nəzarət uğrunda mübarizə qlobal təhlükəsizliyə hansı riskləri yaradır?

- İrana qarşı başlanan hərbi əməliyyatların həm təhlükəsizlik, həm də geosiyasi tərəfləri mövcuddur. Bu, ABŞ-ın ciddi geosiyasi niyyətlərinə açıq siqnal verir.

Birləşmiş Ştatlar dünyanın 17% neftini istehsal edən Venesuelanın enerji resurslarını öz nəzarətinə keçirdikdən sonra, üçüncü ən böyük neft istehsalçısı olan İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran rejimi çökərsə, bu, dünya neftinin təxminən 12%-i və qazın 17%-nə nəzarət demək olacaq. Eyni zamanda, ABŞ İranın Hörmüz boğazına nəzarəti ələ keçirməklə qlobal ticarət və enerji daşımalarına təsir imkanını genişləndirəcək. Bu boğazdan dünya enerji daşıyıcılarının 20–25%-i keçir. Bu vəziyyət ABŞ-a qlobal neft bazarı və qiymətlər üzərində ciddi təsir imkanı verir və əsas alıcılar olan Çin və Hindistan üçün geosiyasi təsir yaradır.

- Müharibə ssenarisində qaçqın və məcburi köçkün axınının əsas istiqamətləri hansı ola bilər?

- İrana qarşı aparılan hərbi əməliyyatlar mülki şəxsləri hədəfə almır. Mülki əhali kütləvi şəkildə bombalanmır və öldürülmür. Rejim tamamilə gücsüzləşdirildikdən sonra xalqın özünə müraciətlər ediləcək ki, küçələrə çıxıb hakimiyyəti təhvil alsın. Bu səbəbdən indiki vəziyyətdə kütləvi miqrasiya gözlənilmir.

- Region ölkələri mümkün humanitar böhrana nə dərəcədə hazırdır?

- Hər bir qonşu ölkə müvafiq təhlükəsizlik tədbirlərini görür. Türkiyə sərhədlərini ciddi şəkildə bağlayıb və əlavə qoşunlar yerləşdirib. Azərbaycan da bu prosesə tam hazırdır. Humanitar köç baş verdiyi təqdirdə, ölkəni tərk etmək istəyən hakimiyyət qrupları da ola bilər. Bu, həm siyasi hakimiyyət nümayəndələri, həm hərbi komandanlar, həm də kəşfiyyat orqanları üçün keçərlidir. Bundan əlavə, xüsusi silahlı birləşmələr, proksi və terrorçu qüvvələr də mövcuddur. Bu ünsürlərin sərhədi keçərək daxil olması halında, qonşu ölkələr ciddi ehtiyat tədbirləri görürlər.

Tahirə Qafarlı

Избранный
128
50
hafta.az

10Источники