RU

Vəkildən boşanmaların qarşısını almaq üçün yeni TƏKLİF – Bu modelə keçməliyik

“Son günlər sosial şəbəkələrdə deputat Fazil Mustafanın boşanmalarla bağlı Milli Məclisdə səsləndirdiyi fikirlər geniş müzakirə predmetinə çevrilib. Təəssüf doğuran haldır ki, hətta mövzuya dair peşəkar fikir bildirmək iqtidarında olanlar da müzakirələrdə qeyri-peşəkar mövqe göstərir, mən bu ifadəni yazmaq istəməzdim, amma hazırda uyğun alternativini tapa bilmirəm, mövzunu lağlağıya çevirirlər deputatın fikrini kontekstdən çıxarırlar. Bu, yumşaq desək, xoşagəlməz haldır”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Anar Qasımlı bildirib.

Onun sözlərinə görə, “Fazil Mustafa ilə münasibətim sosial şəbəkələr üzərindən tanışlıqdan və müxtəlif tədbirlərdə rastlaşarkən salamlaşmaqdan o tərəfə keçmir. Ona görə də heç kim özünü bu statusu onun müdafiəsinə yönəlmiş status kimi dəyərləndirmək haqqına sahib sanmasın.

Mövzuya münasibət bildirməkdən öncə deputatın Parlamentdəki çıxışını tapıb dinlədim. Fazil Mustafa çıxışında “bir çox hallarda” ifadəsini işlətsə də, sosial şəbəkələrdəki müzakirələrdən belə anlaşılır ki, sanki cənab Mustafa boşanmaların səbəbini nəinki əksər hallarda, hətta həmişə qadınların aliment istəyi ilə bağlamışdır.

Vəkillik fəaliyyətimlə bağlı boşanmaların bir sıra səbəblərini ümumiləşdirmişəm. İndi onlardan danışmayacam, lakin təsdiq edəcəm ki, bəli, BİR ÇOX HALLARDA boşanmaların səbəni elə Fazil Mustafanın dediyi səbəbdir. Qeyd etsiyim kimi, həmişə yox, bir çox hallarda.

Əslində millət vəkilinin çıxışı çox ciddi bir problemə diqqət cəlb edir. Bəli, boşanmaların sayı çoxdur, səbəbləri, daha çox da bəhanələri, çeşidlidir. Bəzən formal boşanmalar da olur. Çıxış yolu nədir? Fazil müəllimin dediyi kimi, Mediasiya Şurasına səlahiyyətlər vermək?! Əsla, yox!

Mənim fikrimcə, boşanma işlərinə məhkəmələrdə daha həssas yanaşılmalıdır. İndi məhkəmələrdə ən rahat mülki iş boşanmadır. Hər iki tərəf razıdırsa, məhkəmə boşanmanın səbəbləri müzakirə etmədən 1 ay ərzində türklər demiş, gərəyini düşünür, qərarını verir. Bir tərəf boşanmaq istəmirsə, məhkəmə nə edir? Tərəflərı barışıq üçün 3 ay vaxt verir. 3 ayın tamamında barışıq olmasa, yenə də gərəyini düşünür, tərəfləri boşayır.

Bəs bu 3 ay ərzində nə baş verir? Tərəflərin barışması üçün dövlət adına addımlar atılırmı? Atılmır. Yaxşı olar ki, barışıq müddətində dövlətin müvafiq qurumları, məsələn, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr dağılmaq təhlükəsində olan ailə ilə işləsinlər, problemin mahiyyətini öyrənsinlər, aradan qaldırılması üçün təkliflər versinlər. QHT-lərə bu istiqamətdə iş aparmaq üçün müsabiqələr elan edilsin.

Qardaş Türkiyədə boşanmaq ən ciddi problemlərdən biridir, səbəbini göstərməlisən və sübut etməlisən. Bizdə isə, ürəyin boşanmaq istəyirsə, boşana bilərsən? Bəlkə, Türkiyə modelinə tərəf bir neçə addım ataq?

Mövzuya maraq göstərənləri ən azı etik minimumları gözləməklə, feminist və qeyri-feminist duyğuları bir kənara qoyaraq, obyektiv təkliflərlə peşəkar müzakirələrə dəvət edirəm”.

Ağagül Mürsəlov,

KONKRET.az

Избранный
25
1
konkret.az

2Источники