RU

"Bu, İranda yaşayan azərbaycanlılara qarşı müharibə elanıdır"

Yazını böyüt
Yazını kiçilt

“Öz hava məkanından İrana zərbələr endirilməsinə imkan verməyən və ərazisində heç bir xarici hərbi baza yerləşməyən bir ölkənin İran tərəfindən hücuma məruz qalması, bu ölkənin rəhbərliyində və güc strukturlarında normal düşüncə qabiliyyətinin sual altında olduğunu göstərir”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bldirib.

Politoloq qeyd edib ki, Azərbaycana zərbə endirilməsi təkcə Azərbaycana qarşı atılmış addım deyil. Bu, eyni zamanda İran adlanan ərazidə yaşayan təxminən 40 milyon azərbaycanlıya qarşı da bir növ müharibə elanıdır və bunun çox ağır nəticələri ola bilər:

“Mülki obyektlərin hədəfə alınması isə xüsusilə narahatedici haldır. Təsəvvür edin ki, pilotsuz uçuş aparatlarından biri məktəbin cəmi 50 metr yaxınlığına düşüb. Əgər həmin dron bir qədər də yaxın məsafəyə – dərs saatlarında məktəbin ərazisinə düşsəydi, bunun hansı böyük faciələrə gətirib çıxara biləcəyini təsəvvür etmək belə çətindir”.

R.Bayramov bildirib ki, İran mülki obyektləri hədəfə alarkən müharibənin ilk günlərində öz ərazisində məktəbin vurulması və uşaqların həyatını itirməsi ilə nəticələnən hadisələri də xatırlamalı idi:

“Bu cür addımların heç bir halda cavabsız qalması mümkün deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin bu hadisə ilə bağlı verdiyi bəyanat və ortaya qoyduğu mövqe kifayət qədər qəti və təqdirəlayiqdir. Azərbaycan özünün cavab vermək hüququnu saxladığını açıq şəkildə bəyan edib və İran tərəfindən bu hadisə ilə bağlı dərhal izahat verilməsini tələb edir”.

R.Bayramov qeyd edib ki, əslində İranın verə biləcəyi əsaslı bir izahatın qaldığını demək çətindir. Onun fikrincə, İran ya hadisəni inkar etməyə çalışacaq, ya da məsuliyyəti üzərindən atmağa cəhd göstərəcək:

"Lakin bu, qəbul edilə bilən yanaşma deyil. Əgər İran belə bir zərbənin onun tərəfindən endirilmədiyini iddia edərsə, bu halda ortaya başqa bir ciddi sual çıxır: deməli, İran öz hərbi texnikasına və pilotsuz uçuş aparatlarına nəzarət edə bilmir. Bir dövlət öz ordusuna və hərbi texnikasına nəzarət edə bilmirsə, bu, həmin dövlət üçün son dərəcə ciddi və təhlükəli vəziyyət deməkdir. Vay hallarına. O zaman müharibə etmədən gedib İsraillə, ABŞ-a təslim olsunlr, bitsin”.

Politoloq deyib ki, Naxçıvanın hədəfə alınması məsələsi böyük narahatlıq doğurur:

“Naxçıvan hava limanı bu gün Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən ən mühüm nəqliyyat qapılarından biridir. İran ərazisindən quru yolunun faktiki olaraq bağlı olduğu bir şəraitdə bu hava limanı region üçün həyati əhəmiyyət daşıyır.
Belə bir obyektin hədəfə alınması BU, Naxçıvanın faktiki blokadaya salınması cəhdi kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda gələcəkdə Zəngəzur dəhlizi layihəsinin də hədəfə alınmasına yönəlmiş addım kimi dəyərləndirilə bilər. Hətta Ermənistan ərazisindən keçən 41–43 kilometrlik yol açılsa belə, Naxçıvanın təhlükəsizliyinə qarşı yönəlmiş belə addımlar həmin marşrutun sabitliyinə qarşı fəaliyyət kimi qəbul olunmalıdır.

Digər mühüm məqam ondan ibarətdir ki, beynəlxalq razılaşmalara, o cümlədən Moskva və Qars müqavilələrinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında Türkiyənin də xüsusi rolu var. Bu baxımdan Naxçıvanın hədəfə alınması dolayısı ilə Türkiyəyə qarşı yönəlmiş təhdid kimi də qiymətləndirilə bilər”.

O, eyni zamanda hesab edir ki, bütün bunları nəzərə alaraq, İranın bu istiqamətdə hərbi fəaliyyətləri dərhal dayandırması və Azərbaycan qarşısında üzr istəməsi hazırkı vəziyyətdə yeganə rasional çıxış yolu kimi görünür. Əks halda bu addımlar İranın özü üçün çox ağır nəticələr doğura bilər.

"Digər tərəfdən, belə bir addım əslində ABŞ və İsrailin regionla bağlı planlarına da dolayısı ilə xidmət etmiş olur. Çünki həmin planlarda İran daxilində qarşıdurmanın dərinləşdirilməsi, daxili sabitliyin pozulması və hətta vətəndaş qarşıdurmasının yaradılması kimi ssenarilər də müzakirə olunur. Bu gün Azərbaycana qarşı hər hansı hücum eyni zamanda İran ərazisində yaşayan milyonlarla azərbaycanlının da ciddi narazılığına səbəb ola bilər. Biz artıq bunun nümunəsini görmüşük: bütün təzyiqlərə, təqiblərə və təhlükələrə baxmayaraq, insanlar İran ərazisindən Ermənistana göndərilən silah və texnikanın qarşısını almaq üçün yolları bağlayaraq etirazlarını nümayiş etdirmişdilər. Odur ki, İran rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli, emosional və təhlükəli addımlardan çəkinərək prosesə daha məsuliyyətli yanaşmalıdır, indiki variantda üzr istəməlidir”, politoloq bildirib.

Tahirə Qafarlı

Избранный
57
5
hafta.az

10Источники