Cənubi Azərbaycanda baş verən hadisələr milli kimlik, azadlıq və bütövlük ideyası ilə bağlı müzakirələri yenidən aktuallaşıb. Bu baxımdan şair Məmməd Tahirin Təbrizə həsr etdiyi və milli ruhu ifadə edən şeiri diqqət çəkir.Metbuat.az həmin şeiri təqdim edir: Təbriz bayraq qaldırıb!Qalxıb Səhəd dağına, bütövlük sevdasıyla, Təbriz bayraq qaldırıb "Misri" havası üstə. Döyüş başlasın deyə sərkərdə ədasıyla, Qılıncını sıyırıb düşmən yuvası üstə. Marağa geyinibdi daha döyüş libası, Səbrin də bir həddi var, daha səbirdən keçib. Qolundakı zənciri qırmaqdı son davası, Bu yar-yaraqlı istək Arazdan, Kürdən keçib. Xəbər çatıb Əhərə, Zəncan ayaq üstədi, Mərəndin qapıları açıqdı dost üzünə. Döyüş təzə qızışır, gələn təzə dəstədi, Cənub qulaq kəsilib Təbrizin son sözünə. Bu dava can davası, bu dava qan davası, Yüz illərlə əzilən indi qalxıb haqq deyir. Dağılır bir kəsalət, bir rəzalət yuvası, Hər sözü indi Təbriz əlində bayraq deyir. Sevinc İbrahimzadə / Metbuat.az