RU

Vitse-prezident: Yeniyetmə qızların idmanı davam etdirməsinə çalışırıq

Bakı, 5 mart, AZƏRTAC

Qızların 16 yaşına çatdıqdan sonra idmanda davam etməsi çətinləşir. Bəzi hallarda valideynlər qızların səfərlərə getməsinə icazə vermirlər. Uşaqlar arasında qızları çox görmək mümkündür, lakin 15 yaşdan yuxarı idmançı qızların sayı azalır. Biz bu problemlə mübarizə aparmışıq və aparırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, televiziya kanallarında qadın idmanı ilə bağlı müəyyən verilişlər hazırlanması ilə bağlı fəaliyyət göstərilir. Bu verilişlərə tanınmış idmançı qızlar dəvət edilir ki, onlar qadın idmanının inkişafına dəstək olsunlar.

“Bu gün bizim ən aktiv təbliğatçılarımızdan biri Fəridə Əzizdir. O, Atletlər Komissiyasının sədridir. Qızlar və qadınlar görməlidirlər ki, qadın idmançı da böyük nailiyyətlər əldə edə bilər. Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsində 11 üzv var və onların ikisi qadındır. O, həm də vitse-prezidentdir. Alla Həsənova da tanınmış simalardan biridir və o da İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Biz bu nümunələri göstərməklə qadın idmanını daha da inkişaf etdirməyə çalışırıq. Media da bu prosesdə çox böyük rol oynayır. Məsələn, hər hansı qız idmançı Olimpiya çempionu olmasa belə, yaxşı nəticə göstərirsə, onun uğuru işıqlandırılmalıdır.

Belə olduqda daha balaca qızlar da baxıb düşünəcəklər ki, “mən də belə olmaq istəyirəm”. Qızlarımız arasında böyük potensial var. Bəzi idman növlərində çətinliklər olsa da, yenə də irəliləmək mümkündür”, - deyə vitse-prezident vurğulayıb.

 

Избранный
30
1
azertag.az

2Источники