RU

Azərbaycanda dollar alışına niyə limit qoyulub? – Risk amili gündəmdə

Son dövrlərdə bank filialları və mobil tətbiqlər vasitəsilə dollar alışına tətbiq edilən limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə xaricə səyahət edənlər, övladının təhsil haqqını ödəyənlər və ya onlayn ödənişlər həyata keçirən vətəndaşlar üçün bu məhdudiyyətlər ciddi narahatlıq yaradır. Bəs dollar alışına qoyulan limitlər vətəndaşların xarici valyutaya çıxış imkanlarına necə təsir edir və bu məhdudiyyətlər hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu cür məhdudiyyətlər bir sıra praktiki və psixoloji problemlərə yol açır.

İqtisadçı

“Bank filiallarında və mobil tətbiqlərdə dollar alışına limit qoyulması vətəndaşların xarici valyutaya sərbəst çıxış imkanlarını daraldır. İnsanlar istədikləri məbləğdə dollar ala bilmədikdə, xüsusilə xaricə səyahət, təhsil haqqının ödənilməsi, onlayn alış-veriş və ya xaricə pul köçürmələri zamanı çətinliklərlə üzləşirlər. Limitlər səbəbindən bəzi vətəndaşlar tələb etdikləri məbləği toplamaq üçün bir neçə bank arasında bölünərək valyuta almağa çalışır ki, bu da vaxt itkisi və əlavə çətinliklər yaradır”.

Ekspert qeyd edib ki, belə məhdudiyyətlər bazarda psixoloji gərginlik də formalaşdırır.

“Dollar alışının çətinləşdiyini görən insanlar gələcəkdə daha sərt məhdudiyyətlərin tətbiq olunacağından ehtiyatlanaraq valyutaya tələbi artırır. Bu isə banklarda dolların daha tez tükənməsinə və növbələrin yaranmasına səbəb ola bilər”.

Akif Nəsirlinin fikrincə, limitlərin digər mənfi tərəfi qeyri-rəsmi valyuta bazarının yaranma riskidir.

“Tələb olunan məbləği ala bilməyən şəxslər qeyri-rəsmi yollar axtara bilər ki, bu da həm vətəndaşlar üçün əlavə risklər yaradır, həm də dövlətin maliyyə nəzarət mexanizmlərini çətinləşdirir.
Banklar bu cür məhdudiyyətləri əsasən valyuta ehtiyatlarını qorumaq, bazarda kəskin tələbat artımının qarşısını almaq və məzənnə sabitliyini təmin etmək məqsədilə tətbiq edirlər. Lakin məhdudiyyətlər uzun müddət davam etdikdə bank sisteminə inamın azalmasına və iqtisadi fəallığın zəifləməsinə səbəb ola bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
98
1
konkret.az

2Источники