RU

Cənub Qaz Dəhlizi: Regionun və Avropanın yeni enerji arxitekturası ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 mart, AZƏRTAC

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası Azərbaycan üçün olduğu kimi, bütövlükdə region və Avropa üçün də mühüm siyasi, iqtisadi və enerji əhəmiyyətinə malikdir. Qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji təhlükəsizliyi məsələsinin dövlətlərin xarici siyasətində prioritet mövzulardan birinə çevrilməsi fonunda bu toplantı xüsusi aktuallıq kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Ekspertin sözlərinə görə, son illərdə dünyada enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, geosiyasi gərginlik və enerji təchizatında yaranan risklər alternativ və etibarlı enerji marşrutlarının əhəmiyyətini daha da artırıb. Bu baxımdan Azərbaycanın təşəbbüsü və liderliyi ilə formalaşan Cənub Qaz Dəhlizi qlobal enerji təhlükəsizliyi sistemində mühüm rol oynayan strateji layihələrdən biri kimi çıxış edir.

“Bu layihə təkcə enerji layihəsi deyil, eyni zamanda, regionda siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirən çoxşaxəli platformadır. Cənub Qaz Dəhlizi Xəzər hövzəsinin zəngin enerji resurslarını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Layihənin əsas seqmentləri olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) artıq uğurla fəaliyyət göstərir və Azərbaycan qazı bu kəmərlər vasitəsilə Avropa bazarlarına çatdırılır. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir. Bakıda keçirilən nazirlərin 12-ci iclası həm də enerji əməkdaşlığının gələcək perspektivlərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. İclas çərçivəsində enerji infrastrukturunun genişləndirilməsi, qaz tədarükünün artırılması və yeni tərəfdaş ölkələrin layihəyə cəlb edilməsi kimi məsələlər müzakirə olunub. Azərbaycanın enerji diplomatiyası son illərdə ciddi uğurlar əldə edib və bu siyasət ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun strateji əhəmiyyətini artırır”, - deyə Cafer Dal qeyd edib.

Ekspert əlavə edib ki, bu layihədə Türkiyənin rolu da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ankara ilə Bakı arasında enerji sahəsində formalaşmış strateji tərəfdaşlıq regionun enerji xəritəsini dəyişdirən əsas amillərdən biridir: “Türkiyə həm tranzit ölkə, həm də enerji bazarı kimi Cənub Qaz Dəhlizinin inkişafında mühüm rol oynayır və bu əməkdaşlıq iki qardaş ölkə arasında siyasi və iqtisadi münasibətləri daha da gücləndirir. Bakıda keçirilən bu iclas həm də Azərbaycanın regional enerji mərkəzi kimi rolunu möhkəmləndirir. Çünki Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda, müxtəlif ölkələr arasında enerji əməkdaşlığını koordinasiya edən mühüm platforma kimi çıxış edir. Hazırda qlobal enerji siyasətində yaşıl enerji və alternativ enerji mənbələrinin inkişafı da ön plana çıxır. Azərbaycan da bu istiqamətdə fəal addımlar atır və Xəzər regionunda bərpaolunan enerji potensialının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Bu isə gələcəkdə Azərbaycanın enerji strategiyasının daha da şaxələndirilməsinə imkan yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
azertag.az

2Источники