RU

NATO-nun İran sınağı: Vaşinqton müttəfiqlərini İran ilə müharibəyə cəlb edə biləcəkmi? – ÖZƏL

"İran-ABŞ müharibəsi hazırda davam edir və proses kifayət qədər gərgin xarakter alıb. İsrail hələlik ABŞ-ni dəstəkləyir. NATO-nun baş katibinin də qeyd etdiyi kimi, bəzi Avropa ölkələri və NATO üzvü olan dövlətlər Amerikaya siyasi dəstək göstərirlər, lakin hələlik birbaşa hərbi əməliyyatlara qoşulmurlar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa deyib. Bəs NATO üzvü olan dövlətlər nə vaxt müharibəyə qoşula bilər? 

Əsas prinsip ondan ibarətdir ki, NATO üzvü olan dövlətlərdən hər hansı biri hücuma məruz qalarsa və ya ciddi təhdidlə üzləşərsə, digər üzv dövlətlər buna cavab verməlidirlər. Çünki alyansın əsas prinsiplərindən biri belədir: bir üzvə qarşı edilən hücum bütün üzvlərə qarşı edilən hücum kimi qəbul olunur. Hazırkı vəziyyətdə isə hücum edən tərəf ABŞ-dir. Müharibə İran ərazisində gedir, nə ABŞ ərazisində, nə də NATO ölkələrinin ərazilərində hərbi əməliyyatlar aparılır. Buna görə də NATO üzvü olan dövlətlər hesab edirlər ki, alyansın özünə qarşı bir hücum yoxdur. Bu səbəbdən də NATO-nun kollektiv müdafiə mexanizmi - 5-ci maddə - hələlik gündəmə gəlmir. Digər tərəfdən, son dövrlərdə Avropa ilə ABŞ arasında müəyyən siyasi soyuqluq da müşahidə olunur. Məsələn, son günlər İspaniya ilə ABŞ arasında gərginlik yaşandı və maraqlıdır ki, bir sıra Avropa ölkələri bu məsələdə İspaniyanı dəstəklədi. Almaniya və Böyük Britaniya kimi dövlətlər də açıq şəkildə müharibəyə qoşulmaq istəmədiklərini bildirirlər. Fransa isə bəzən prosesə daha yaxın görünür, bəzən isə məsafəli mövqe tutur. Avropanın NATO üzvü olan dövlətləri hazırkı mərhələdə İrana qarşı birbaşa hərbi əməliyyatlara qoşulmaq istəmirlər. Bu, görünən səbəblərdir. 

Ekspert bildirib ki, görünməyən, yəni açıq şəkildə ifadə olunmayan səbəblər də mövcuddur. Məsələn, bəzi dairələr hesab edir ki, İran hakimiyyətinin arxasında dayanan müəyyən beynəlxalq qüvvələrə görə Avropanın bir çox ölkəsi bu münaqişədə ehtiyatlı davranmağa çalışır.
Bununla belə, müəyyən ssenarilərdə vəziyyət dəyişə bilər. Əgər ABŞ-nin müharibədə qalib gəlmək ehtimalı aydın görünərsə, bəzi ölkələr sonradan bu prosesə qoşulub siyasi və ya geosiyasi dividendlər əldə etməyə çalışa bilər. Digər tərəfdən, əgər ABŞ ciddi çətinliklərlə üzləşərsə, raket ehtiyatları azalarsa və ya İranın güclü təzyiqi ilə qarşılaşarsa, o zaman Vaşinqton müttəfiqlərini daha açıq şəkildə müharibəyə cəlb etməyə çalışa bilər. Ancaq bu müharibə çox mürəkkəb və dərin geosiyasi proseslərlə bağlıdır. Məhz buna görə də Avropa dövlətləri hələlik bu münaqişənin "bataqlığına" girmək istəmir, daha çox müşahidəçi mövqeyi tutmağa üstünlük verirlər. Onlar hadisələrin necə inkişaf edəcəyini gözləyir və prosesin nəticəsinə uyğun mövqe müəyyənləşdirməyə çalışırlar.

Ekspertin sözlərinə görə, əgər ABŞ uğur qazanarsa, ehtimal ki, bəzi dövlətlər sonradan prosesə qoşularaq bu uğurdan pay almağa çalışacaqlar. Əksinə, əgər vəziyyət ABŞ üçün çətinləşərsə və münaqişə uzunmüddətli, ağır bir qarşıdurmaya çevrilərsə, Avropa ölkələri məsafəli mövqelərini qorumaqda davam edə bilərlər. Bu səbəbdən hazırkı mərhələdə NATO-nun 5-ci maddəsinin tətbiq olunacağı ehtimalı yüksək görünmür. Böyük ehtimalla, hadisələrin sonrakı inkişafı və regionda baş verəcək proseslər NATO ölkələrinin gələcək qərarlarına birbaşa təsir göstərəcək.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
73
olaylar.az

1Источники