RU

İranın Naxçıvana hücumu xoşniyyətli əlaqələrdən sui-istifadə kimi qiymətləndirilir- ŞƏRH

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan hər zaman səmimi, qarşılıqlı əməkdaşlığa önəm verən, mehriban və etibarlı qonşuluq münasibətlərinə sadiq qalıb və bu istiqamətdə real addımlar atıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün qonşu dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət yetirib, əlaqələri gücləndirib və regionda tranzit əlaqələrinin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Lakin İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarını biz qonşuluq və səmimi münasibətlərə vurulan ciddi zərbə kimi qiymətləndiririk.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O qeyd edib ki, Azərbaycan hər zaman İrana qarşı diqqətli olub, heç vaxt hər hansı qruplaşmada və ya hərbi blokda ona qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunacaq addımlara qoşulmayıb, sanksiyalarda iştirak etməyib və daim neytral mövqeyini qoruyub. Bununla yanaşı, münasibətlərini qarşılıqlı etimada əsaslanan dəyərlər üzərində qurub.

Deputat bildirib ki, beynəlxalq hüquq baxımından mülki insanların yaşadığı ərazilərin, məktəb ətrafının və strateji obyekt olan hava limanının hədəfə alınması sərt şəkildə qınanılmalı olan addımdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycana qarşı göstərilən bu münasibət mövcud xoşniyyətli əlaqələrdən sui-istifadə kimi qiymətləndirilir. Bu addım, ilk növbədə, qonşularla sülh və əməkdaşlıq prinsiplərinə ziddir.

“Azərbaycan dövləti hər zaman bu prinsipləri prioritet istiqamət kimi seçib və humanitar addımları ilə yadda qalıb. Bu baxımdan İranın atdığı addım təkcə Azərbaycana qarşı deyil, həm də dinc əhaliyə və mülki infrastruktura qarşı yönəlmiş terror aktı kimi qiymətləndirilir və planlı şəkildə həyata keçirilmiş hərəkət təsiri bağışlayır. Azərbaycanın imkanı olsa belə, heç vaxt qonşu dövlətə qarşı bu cür addımlar atmayıb, hər zaman humanitar yardım və sülh niyyəti ilə çıxış edib. Buna görə də belə addımlar təxribat, riyakarlıq və eyni zamanda, nankorluq kimi qiymətləndirilir. Bu hadisə həm də beynəlxalq münasibətlər sistemində İranın imicinə zərbə vurur. Beynəlxalq reaksiyalar da bunu göstərir, belə ki, bir çox ölkə İranın bu addımını sərt şəkildə qınayıb və mövqeyini açıq ifadə edib”,-deyə N.Həsənov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan öz növbəsində ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmindədir. Ölkəmiz təxribatlara qarşı adekvat cavab vermək hüququna malikdir. Bununla yanaşı, biz yenə də İrandan bu hadisənin ciddiliyini dərk etməyi, araşdırmanı obyektiv və dəqiq aparmağı, səbəbləri və nəticələri açıqlamağı, üzr istəməyi və lazım olan addımları atmağı gözləyirik.

Bu gün Azərbaycan hər zaman olduğu kimi güclü və qüdrətli bir dövlət kimi öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları ata bilər və siyasi, diplomatik və hərbi vasitələrdən istifadə etmək imkanına malikdir. Azərbaycana qarşı hər hansı təxribat niyyəti olan tərəflər anlamalıdır ki, ölkəmiz güclü olmaqla yanaşı, sülhə və əməkdaşlığa sadiq dövlətdir. Azərbaycan heç vaxt müharibə və qarşıdurma tərəfdarı olmayıb, əksinə qarşılıqlı əməkdaşlığa üstünlük verib. Buna görə də bu kimi halların Azərbaycana qarşı baş verməsi qəbuledilməzdir.

Избранный
44
azertag.az

1Источники