"Prezident İham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən mesajlar həm regional təhlükəsizlik mühitinə, həm də Azərbaycanın milli maraqlarına yönəlmiş ciddi siyasi siqnallardır. Bu çıxış və verilən mesajlar bir neçə mühüm istiqamətdə analitik şəkildə təhlil edilə bilər. Bu istiqamətlərdən biri dövlət suverenliyinin və sərhəd təhlükəsizliyinin prioritet bir amil kimi önə çəkilməsidir. Belə ki, Prezident İlham Əliyevin çıxışında ən əsas mesajlardan biri Azərbaycanın suverenliyinin və sərhəd təhlükəsizliyinin qəti şəkildə qorunacağı ilə bağlı idi. Xüsusilə qonşu dövlətlərin ərazisindən həyata keçirilən təhlükəli hərəkətlərə sərt münasibət bildirilməsi Azərbaycanın təhlükəsizlik məsələlərində kompromisə getməyəcəyini nümayiş etdirir".
Bunu "Cebheinfo.az"a açıqlamasında deputat Jalə Əliyeva deyib.
"Digər önəmli istiqamət regional aktorlara siyasi mesajdır. Təhlükəsizlik Şurasının iclası yalnız daxili müzakirə platforması deyil, eyni zamanda regional aktorlara ünvanlanmış siyasi mesajların verildiyi mühüm tribunalardan biridir. Prezidentin bəyanatları göstərir ki, Azərbaycan regionda gərginlik yaradan addımların qarşısını almaq üçün həm diplomatik, həm də təhlükəsizlik mexanizmlərindən istifadə etməyə hazırdır. Bu, bir tərəfdən ölkənin hərbi potensialına və müdafiə qabiliyyətinə inamın göstəricisidir, digər tərəfdən isə regionda sabitliyin qorunmasına yönəlmiş siyasi iradənin ifadəsidir".
J.Əliyeva bildirib ki, digər əhəmiyyətli məsələ milli təhlükəsizlik konsepsiyasının gücləndirilməsi ilə bağlı verilən mesajdır:
"İclasda səsləndirilən fikirlər Azərbaycanın milli təhlükəsizlik strategiyasının daha da gücləndirilməsi istiqamətində atılan addımların davam edəcəyini göstərir. Müasir dövrdə təhlükələr təkcə hərbi sahə ilə məhdudlaşmır; kiberhücumlar, informasiya müharibəsi və yeni texnoloji risklər də təhlükəsizlik gündəliyinin əsas elementlərinə çevrilib. Bu baxımdan, Prezidentin çıxışında təhlükəsizlik məsələlərinin kompleks yanaşma ilə idarə olunması mesajı aydın şəkildə hiss olunur.
Prezident, çıxışınsa güclü dövlət və siyasi iradə mesajını da verdi. Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan regional proseslərdə passiv müşahidəçi deyil, əksinə, öz təhlükəsizlik arxitekturasını formalaşdıran və onu qoruyan aktiv faktordur.
Deputat onu da vurğulayıb ki, bu mesajlar həm daxili auditoriyaya güvən və sabitlik siqnalı verir, həm də regiondakı aktorlara Azərbaycanın təhlükəsizlik məsələlərində prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirir.
"Cebheinfo.az"