RU

ABŞ Rusiya ətrafında həlqəni daraldır


ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti V. Zelenskini Rusiya ilə sülh müqaviləsi bağlamağa tələsmədiyinə görə tənqid edib. O bildirib ki, Vladimir Putin sülh müqaviləsində maraqlıdır və bu prosesdə tələsir. Əslində isə D. Trampın bu açıqlamaları müəyyən mənada Rusiyanı siyasi baxımdan trollamaq və psixoloji təzyiq yaratmaq məqsədi daşıyır.
D. Tramp yaxşı anlayır ki, Rusiya da İran kimi ABŞ-ın qlobal rəqiblərindən biridir və Ukrayna müharibəsində Moskvanın istədiyini əldə etməsi ABŞ-ın geosiyasi maraqlarına ciddi təhdid yarada bilər. Bu səbəbdən Vaşinqton bir tərəfdən Rusiyanı müəyyən müddət arxayın saxlamağa çalışır, digər tərəfdən isə onun qlobal tərəfdaşlarını və müttəfiqlərini zəiflətmək strategiyası həyata keçirir.
Bu siyasətin nəticəsi kimi Rusiyanın təsir dairəsində olan bəzi ölkələrdə ciddi dəyişikliklər baş verir. Məsələn, Suriyada B.Əsəd rejiminin süqutu, Venesuelada N.Maduronun həbs edilməsi və hazırda İranın regional təsir imkanlarının məhdudlaşdırılması və rejimi təslim etmək üçün aparılan hərbi əməliyyatlar bu strategiyanın tərkib hissəsidir.
Bundan əlavə, Rusiyanın əsas enerji bazarlarından biri olan Çin ilə də enerji sahəsində yeni danışıqların aparılacaq. Məqsəd Pekinin Rusiyadan enerji almasını azaltmaq və Moskvanın enerji gəlirlərinə zərbə vurmaqdır.
D. Tramp Venesuela prezidenti N. Moduranı həbs etməsi və İranın Ali dini rəhbərini aradan götürməklə, öz beynəlxalq gücünü göstərir. Rusiyaya sanksiyalar tətbiq etmək və sıxışdırılmaqla V. Putini öz ətrafı tərəfindən neytrallaşdırmasına çalışır.
Artıq Rusiyanın iqtisadiyyatına qarşı geniş sanksiyalar tətbiq edilir və onun “kölgə donanması” adlandırılan qeyri-rəsmi neft daşımaları da ciddi təzyiq altındadır. ABŞ Rusiyanın beynəlxalq mövqelərini zəiflətməklə yanaşı, Kremlin daxilində də siyasi balansın dəyişməsinə təsir göstərməyə çalışır.
Bütün bunların fonunda aydın görünür ki, ABŞ Rusiyanın Ukrayna müharibəsində qələbə qazanmasına imkan vermək niyyətində deyil. Müharibə uzandıqca Rusiya hərbi və iqtisadi baxımdan tükənir və onun nəinki qlobal güc kimi, regional mövqeyi getdikcə zəifləyir. Vaşinqton isə bu prosesdən istifadə edərək beynəlxalq sistemdə öz lider mövqeyini möhkəmləndirməyə və daha çox ABŞ-mərkəzli dünya nizamını formalaşdırmağa çalışır.
Məhəmməd Əsədullazadə
Избранный
101
2
newscenter.az

3Источники