RU

Azərbaycanın tələbi!!!

İzahat verilməlidir, üzr istənilməlidir, terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir

İlham Əliyev: Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq

İrandan Naxçıvana atılan PUA-lar rəsmi Tehranın Azərbaycana qarşı növbəti terror aktıdır. Xatırladaq ki, atılan PUA-ların hədəfi mülki obyektlər olub -  Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərə hədəflənən bu namərd hücum ölkəmizin son 7 gündə nümayiş etdirdiyi yüksək qonşuluq münasibətinə, humanist davranışa, ən əsası isə, rəsmi mövqeyimizə ziddir. Bakı qarşıdurmanın ilk günündən etibarən məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış edib, bununla bağlı rəsmi bəyanat yayıb. Bunun qarşılığında İranın atdığı addımlar anlaşılan olmadığı qədər, həm də nankorluq təcəssümüdür.

Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir...

Cənubi Qafqazın lideri, hazırkı qlobal münasibətlər sisteminin aparıcı aktoru olan Azərbaycan hər zaman beynəlxalq ədalətin, beynəlxalq hüququn tərəfdarı kimi çıxış edib - paralel olaraq, Bakı özünün müstəqil, milli maraqlarını əhatə edən siyasətində qətiyyət nümayiş etdirib. Ölkəmiz heç vaxt ona qarşı edilən haqsızlıqları cavabsız qoymayıb. Bu, bütün hallara şamil edilir. Ölkəmizə qarşı cinayət törədən, terror aktı həyata keçirən, suverenliyimizə və ərazi bütövlüyümüzə qəsd edən, vətəndaşlarımıza qarşı təhdid və ya təhlükə törədən dövlətlər mütləq şəkildə izahat verərək üzr istəyiblər, günahkarlar isə mütləq şəkildə cinayətə cəlb olunublar. Bakının sözügedən məsələ ilə bağlı mövqeyi də dəyişməz, qəti və birmənalıdır. Prezident İham Əliyev martın 5-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında da bildirdi ki, “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. Bu, Bakının qarşı tərəfdən gözlədiyi mövqedir.

Bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq...

Konkret olaraq, İrana gəldikdə, Naxçıvana edilən PUA hucumu ölkəmizə qarşı edilən ilk terror aktı deyil. çox uzağa getmək lazım deyil - 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum bunun ən bariz misalıdır. Bu terror aktı nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri həlak olmuş, mühafizəçi yaralanmışdı. Aparılan araşdırmalar üzə çıxarmışdı ki, terrorçu bu aktı təsadüfən törətməmişdi - burada İran xüsusi xidmət orqanları tərəfindən verilən təlimatlar mövcud idi. Həmin dövrün siyasi parametrlərini göz önünə gətirsək, bir sıra faktları aydın görə bilərik - məqsəd, qalib Azərbaycanı qorxutmaq, aparılan işdən çəkindirmək, daha konkret desək, suverenliyimizin bərpasına istiqmətlənmiş qarşısıalınmaz siyasətdən döndərmək idi. Həmin dövrdə də Azərbaycan özünün qəti mövqeyini ortaya qoydu - İran ilə bütün diplomatik əlaqələr dayandırıldı. Məhz Azərbaycanın təkidi ilə cinayətkar ən ağır cəzaya məhkum edildi. Amma görünür, bu, İrana lazımi dərs olmayıb - ölkəmizə qarşı terror aktı davam edir. bu dəfə də Azərbaycanın davranışı, ritoriikası və mövqeyi ən sərt şəkildədir. Bakının rəsmi bəyanatında da bildirildiyi kimi, biz cavab haqqını özümüzdə saxlayırıq. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da bildirdi ki, bu dəfə də cavab eyni olacaq: “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”.

İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar!

“Kor tutduğunu buraxmadğı” kimi, İran da özünün ənənəvi səksəkəsindən xilas ola bilmir - bu ölkə dərk etmir ki, Bakı özünün müstəqil siyasi xəttinə hər zaman sadiqdir. Bizim sözümüz imzamızdır - illərdir ki, təkrarlayırıq: Azərbaycan ərazisində İrana qarşı hər hansı bir hücum və ya hərbi əməliyyatlar üçün istifadə edilməyəcək. Azərbaycan verdiyi sözə sadiqdir. İllərdir ki, İrana qarşı olan bu qədər siyasi, iqtisadi və ya hərbi təzyiqlər qarşılığında Azərbaycan özünün mövqeyini bir addım belə tərk etməyib. Baxmayaraq, İran fürsət düşdükcə, ölkəmizə qarşı hansısa qeyri-adekvat addımlar atır (Vətən müharibəsi dövründə Xudafərin üzərində baş verənlər bunun sübutudur), Azərbaycan yenə də sözünün üstündə durur. Tehranın isə hürküsü, qorxusu və ya səksəkəsi bitmək bilmir - bu dövlətə qarşı hər hansı bir addımda ilk olaraq Bakı “yada düşür”. Necə ki, ötən ilin yayında İsrail ilə İran arasında baş verən hadisələr fonunda Tehran yenə də Azərbaycanı “günahlandırmağa” çalışırdı - arqumentsiz, dəlilsiz, sübutsuz və əsassız şəkildə. İllərdir ki, İranın media platformasında anti-Azərbaycan ritorika davam edir, çirkin şər-böhtan kampaniyaları aparılır. İran yalan pərdəsi arxasında öz qorxusunu gizləməyə çalışır - nədir bu qorxu? Azərbaycan dövləti bəyan edib ki, ölkəmiz bütün azərbaycanlıların dövlətidir, yurdudur. Prezident İlham Əliyev hər zaman çıxışlarında bir məqamı önə çəkir - biz, ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımızı taleyindən də narahatıq, onları düşünürük. Amma bu o demək deyil axı ki, biz İrana qarşı hər hansı bir iddia irəli sürürük - Bakı bütün qərarlarında, davranışlarında, yanaşmalarında beynəlxalq hüququ əsas götürür. Azərbaycan bütün dövrlərdə sübut edib ki, fürsətcil deyil - necə ki, Vətən müharibəsi qalibiyyətindən sonra bizim Ermənistan torpaqların tutmaq imkanımız vardı - amma bunu etmədik, beynəlxalq hüquqa hörmətlə yanaşdıq. Azərbaycan yenə də eyni mövqedədir. Biz regionumuzda baş verən gərginliklərdən narahatıq - bununla yanaşı, məsələlərin dinc, danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Biz bu gün də eyni mövqeni bölüşürük. Amma bu o demək deyil ki, biz özümüzə qarşı təhdidi cavabsız qoyacağıq - Əsla! Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək: “Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”.

Özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir...

Bəli, Azərbaycan bütün dövlətlərlə, xüsusilə qonşuları ilə münasibətlərə həssaslıqla yanaşır. Biz bölgəmizdə əməkdaşlığı, birliyi, sülhü və ədaləti təşviq edirik. Dövlət olaraq ən çətin anlarda qonşularımızın hər birinin yanında yer alırıq. Misallar çoxdur - Gürcüstanın ən çətin dövrlərində ona dayaq olmuşuq, İranda zəlzələ baş verən dəqiqə humanitar yardım etmişik, Ukraynaya humanitar köməyimizi əsirgəməmişik. Bir sözlə, hər bir dövlətə əlimizdən gələn yaxşılığı etmişik. İranda baş verən son hadisələrdə də eyni mövqeni paylaşdıq - qarşıdurmanın ilk günlərində Azərbaycan bəyanat verdi, xarici siyasət idarələri arasında danışıqlar oldu. Müvafiq başsağlıqları verildi və Prezidentimiz ölkəmizdəki İran səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Bu, bir humanizm nümunəsi olmaqla yanaşı, bütün dünyada yeganə nümunə oldu - Azərbaycan Prezidentindən başqa heç bir dövlətin başçısı İran səfirliyinə getmədi, bu çətin gündə səfirlikdə başsağlığı vermədi. Bu böyük humanizmin qarşılığında İranın terrora əl atması nankorluğun, rəzilliyin nümunəsidir. Prezident İlham Əliyev də bildirib ki, “Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir”.

Namərdcə Naxçıvana zərbə endirmək...

İranın nankorluğunun daha bir nümunəsi - Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, martın 5-də səhər İranın xarici işlər nazirinin müavini Bakıya zəng edib və xahiş edib ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. “Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”, - deyə dövlət başçısı bildirib.

Göründüyü kimi, Azərbaycanın timsalında nəcib bir niyyət ortaya qoyulur. Biz hər zaman dara düşənlərin, bizdən kömək istəyənlərin yardımına gəlmişik - təmənnasız. İranın da həmçinin. Azərbaycanın bir atalar sözündə deyildiyi kimi, “biz dar günün dostuyuq”. Amma bizim bu uzatdığımız yardım əlinin qarşılığında ölkəmizə qarşı xain planların qurulması, namərdcəsinə hücumların edilməsi, dinc insanlara qəsd olunması qarşı tərəfin siması(zlığı)nı tam şəkildə ortaya qoyur.

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar...

Heç kim bu gün baş verənləri fürsət kimi dəyərləndirməsin, qarışılıqlığı özü üçün sui-istifadə halına gətirməsin, etdiyi əməli “təsadüfdən” saymasın. Çünki Azərbaycan dövləti təmkinli olduğu qədər də, özünün milli maraqlarına qarşı həssasdır. Biz bunu son 30 ildə sübut etmişik: bütün dünyadan sülh və ədalət tələb etdik, ərazi bütövlüyümüzün bərpasını tələb etdik - cavab gəlmədikdə “Dəmir yumruq” öz işini gördü. Azərbaycanın bütün hədələrə, təhdidlərə cavab verməyə gücü, iradəsi və imkanı var. Bizim səbrimizi sınayanların aqibəti bu gün göz önündədir. İran da bu nümunədən dərsini götürməlidir - Azərbaycana qarşı hər hansı bir səhv addım bağışlanmayacaq. Dövlətimizin başçısı çıxışında qeyd edib ki, “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”.

1 nömrəli hərbi səfərbərlik...

Azərbaycan dövləti və xalqı hər zaman birdir - biz, ölkəmizə qarşı yaranan təhdidə sinə gərməyi bacarırıq. Azərbaycanın Silahlı Qüvvələri hər kəsə cavab vermək iqtidarındadır. Biz gücümüzü, iradəmizi həm 2020-ci ildə, həm də 2023-cü ildə bütün dünyaya nümayiş etdirmişik. Ölkə Prezidentinin bir əmri ilə bütün xalq ölkəsini, yurdunu qorumağa, haqsızlığa cavab verməyə hazırdır. Baş verənlər bizi daha da hazırlıqlı olmağa sövq edir. Prezident İlham Əliyev deyib ki, “Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.

Qeyd edək ki, bir nömrəli hərbi səfərbərlik zamanı Silahlı Qüvvələr tam döyüş hazırlığına gətirilir və ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir. Həmçinin hərbi hissələr döyüş mövqelərinə, yaxud təyin olunmuş ərazilərə çıxarılır.

Pərviz SADAYOĞLU

Избранный
138
yeniazerbaycan.com

1Источники