Rusiya cəmiyyətində hakimiyyətə və müharibəyə münasibətlə bağlı diqqətçəkən dəyişikliklər qeydə alınıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, dövlətə bağlı Ümumrusiya İctimai Rəyin Araşdırılması Mərkəzi (VTSIOM) və müstəqil “Levada Mərkəzi”nin son sorğuları prezident Vladimir Putinə etimadın, həmçinin hakim “Vahid Rusiya” partiyasına dəstəyin azaldığını göstərib.
VTSIOM-un açıqladığı məlumatlara görə, fevralın sonunda respondentlərin yalnız 32,1 faizi “etibar etdiyiniz siyasətçi kimdir?” sualına cavab olaraq Putinin adını çəkib. Bu göstərici Ukrayna müharibəsi başlayandan bəri ən aşağı səviyyə hesab olunur. Müqayisə üçün qeyd edilir ki, Putinə etimadın pik göstəricisi 2024-cü ilin martında 48,8 faiz olub.
Sorğuda hakim “Vahid Rusiya” partiyasının reytinqində də rekord eniş qeydə alınıb. Parlament seçkilərinə yarım il qalmış partiyaya səs verməyə hazır olduğunu bildirənlərin payı 31,8 faiz təşkil edib. Digər siyasi partiyalar isə sorğuda cəmi 6–10 faiz dəstək toplaya bilib. Respondentlərin 12 faizi ümumiyyətlə seçkilərdə iştirak etmək istəmədiyini və ya bülleteni korlamağı planlaşdırdığını bildirib.
“Levada Mərkəzi”nin sorğusu Rusiya cəmiyyətində müharibəyə münasibətin də dəyişdiyini göstərir. Sorğuya görə, 67 faiz rusiyalı Ukrayna ilə sülh danışıqlarının başlanmasını istəyir. Müharibənin davam etdirilməsini dəstəkləyənlərin payı isə 24 faizə qədər azalıb.
Məlumata görə, sülh danışıqlarına dəstəyin artması və müharibəyə dəstəyin azalması tendensiyası 2024-cü ilin payızından etibarən müşahidə olunur və hazırkı göstəricilər bu istiqamətdə rekord səviyyə sayılır.
Musavat.com