Futbol üzrə ölkə çempionatının 1-ci liqasında liderliyi davam etdirən “Şəfa”dan srağagün ayrılıq xəbəri gəldi. Klub prezidenti Sərdar Salmanzadə getdi.
“Football-plus.az” xəbər verir ki, paytaxt təmsilçisinin mətbuat xidməti funksionerlə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını elan etdi. Ayrılığın səbəbləri, sonrakı planları və başqa məsələlər ətrafında məlumat almaq məqsədilə Sərdar bəylə əlaqə saxladıq.
– Komandanın uğurlu nəticələr qazandığını nəzərə alsaq, vidanız gözlənilməz oldu...
– Futbolda belə hallar baş verir. Biz hələ ikinci liqada çıxış edərkən inkişaf planı hazırlamışdıq. Hər şey yolunda gedirdi, sonradan bəzi mövzularda fikir ayrılığı yaşandı. Bu üzdən belə qərar verdim.
– “Şəfa” premyer-liqada da legionersiz oynamağı planlaşdırır. Siz də bu qərarı dəstəkləyirdiz?
– Bəli. Anlaşmazlıq bu yöndə deyil. Mən də legionersiz oynamağın tərəfdarıyam. Düzü, məqsəd Azərbaycan futbolunda 1-2 mövsüm görünmək deyildi. Öz töhfəmizi vermək istəyirdik. Gənclərə şans yaratmaq, onları inkişaf etdirmək lazımdı.
– “Şəfa”dan incik getdiz, yoxsa...
– Qətiyyən. “Şəfa” azarkeşiyəm və bu komandanı çox sevirəm. Allah yollarını açıq etsin. “My Group Holding”in vitse-prezidenti Kənan Sadıqlı xalaoğlumdu. Yaxşı münasibətlərimiz var. Hər ailədə, kollektivdə ayrılıqlar olur. İnciklikdən söhbət gedə bilməz. Çox istəyirəm ki, “Şəfa” premyer-liqada olsun. Bu komandanın akademiyasının bütün yaş qruplarında çıxış etmişəm. 15 yaşda əsas komandayla birgə məşqlərdə olmuşam. Sonra universitetə hazırlaşdım. Ürəyim “Şəfa”nın yanındadı. Orda olmasam da, dəstəyimi əsirgəməyəcəm.
– Komandanın çempion olacağına inanırsız?
– İnanıram desəm, bəs etməz. Əminəm.
– Əfran İsmayılov da sizlə birgə ayrıldı?
– Bu barədə məlumatım yoxdu. O, klubda məsləhətçidi. Təcrübəsini bölüşür. Rəsmi müqavilə imzalamayıb.
– Bundan sonra hansı işlə məşğul olacaqsız?
– Futbolla bağlı başqa layihələrim var. Daha geniş miqyasda çalışacam. Düzü, həm yeni planlar, həm də “Şəfa” ilə bağlı məsələlər çox vaxtımı alırdı. İki işdə çalışmaq çətindi, Klubdan həm də buna görə ayrıldım. Yaxın günlərdə yeni layihələrlə bağlı ətraflı məlumat verə bilərəm. İndi hələ tezdi.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта