RU

Azərbaycan qadınları cəmiyyətin inkişafında mühüm rol oynayırlar

Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi

dayağı, dövlətçilik ənənələrinin qoruyucusu və cəmiyyətimizin inkişafına töhfə

verən aparıcı qüvvələrdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan

qadınları həm Vətənimizin müdafiəsində, həm də dövlət quruculuğu və

ictimai-siyasi həyatda böyük fədakarlıq və vətənpərvərlik nümunələri nümayiş

etdirmişlər. Qədim xalq dastanımız olan “Kitabi-Dədə Qorqud”dan başlayaraq

Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris kimi qəhrəman qadın obrazları Azərbaycan

qadınının cəsarətinin və müdrikliyinin rəmzi kimi tariximizdə xüsusi yer tutur.

Azərbaycan qadınlarının hüquq və

azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlardan biri də Şərqdə

ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi

olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların bu hüququ qazanması

onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının əsasını qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə

ölkəmizdə dövlət qadın siyasətinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndər

qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirərək

onların idarəetmədə və ictimai fəaliyyətin müxtəlif sahələrində geniş təmsil

olunması üçün mühüm qərarlar qəbul etmişdir. Bu siyasət bu gün möhtərəm

Prezidentimiz  İlham Əliyev tərəfindən

uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi

ilə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və

qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində mühüm

qanunlar və proqramlar qəbul edilmişdir.

 

Qadınların cəmiyyətdə rolunun gücləndirilməsi

baxımından Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi

qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi humanitar və mədəni layihələr Azərbaycan

qadınının nüfuzunun beynəlxalq miqyasda daha da artmasına mühüm töhfə verir.

 

Bu gün Azərbaycan qadınları ölkəmizin

ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında fəal iştirak edir, dövlət

quruculuğu prosesində mühüm rol oynayırlar. Onlar parlamentdə, dövlət idarəetməsində,

biznesdə, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə böyük uğurlar qazanaraq

cəmiyyətimizin inkişafına töhfə verməyə davam edirlər. Statistik göstəricilər də

bunu təsdiq edir. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlarımız əmək

bazarında, sahibkarlıqda və yerli özünüidarəetmə orqanlarında getdikcə daha

geniş təmsil olunurlar.

 

Azərbaycan qadını tarixən ailə dəyərlərinin

qoruyucusu, milli-mənəvi irsimizin daşıyıcısı olmaqla yanaşı, eyni zamanda fəal

vətəndaş mövqeyi ilə dövlətimizin inkişafına xidmət edən güclü ictimai qüvvədir.

Əminliklə demək olar ki, Azərbaycan qadınları

bundan sonra da dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində və milli

dəyərlərimizin qorunmasında fəal rol oynamağa davam edəcəklər.

 

Bu əlamətdar gün münasibətilə bütün xanımları

səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində

uğurlar arzulayıram.

 

Fatma YILDIRIM,

 

Milli Məclisin deputatı

Избранный
124
1
azerbaijan-news.az

2Источники