RU

8 Mart Qadın zərifliyi və dövlətçilik iradəsinin təcəssümü

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

8 Mart – Beynəlxalq Qadınlar Günü təkcə təqvim bayramı deyil, cəmiyyətin mənəvi dayaqlarına, ailə institutunun möhkəmliyinə və dövlətçilik ənənələrinin davamlılığına verilən ali dəyərin ifadəsidir. Azərbaycan qadını tarix boyu həm ailənin müqəddəsliyini qoruyan ana, həm də dövlətin taleyində söz sahibi olan şəxsiyyət kimi çıxış edib. Bu gün ölkəmizdə qadınlara göstərilən yüksək ehtiramın təməlində Ümummilli Liderin siyasi kursu və Prezident siyasətinin davamlılığı dayanır.

Ulu Öndər Heydər Əliyev qadınların cəmiyyətin inkişafındakı rolunu hər zaman yüksək qiymətləndirərək bildirirdi ki, Azərbaycan qadını öz zəkası, sədaqəti və vətənpərvərliyi ilə xalqımızın mənəvi sütunudur. Onun rəhbərliyi dövründə qadın hüquqlarının qorunması, dövlət idarəçiliyində və ictimai-siyasi həyatda qadınların təmsilçiliyinin artırılması istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində qadın yalnız ailə institutunun dayağı deyil, eyni zamanda dövlət quruculuğunun fəal iştirakçısı idi. O, Azərbaycan qadınının fədakarlığını, xüsusilə çətin və mürəkkəb dövrlərdə göstərdiyi dözüm və iradəni daim xüsusi vurğulayırdı. Ulu Öndərin bu yanaşması bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir.

Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır. Dövlət başçısının rəhbərliyi ilə qadınların sahibkarlıq fəaliyyətinə, dövlət qulluğunda və parlamentdə təmsilçiliyinə geniş imkanlar yaradılıb.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan qadınının göstərdiyi mənəvi möhkəmlik, şəhid analarının əyilməz iradəsi, qazilərin həyat yoldaşlarının və bacılarının fədakarlığı bir daha sübut etdi ki, qadınlarımız milli birliyin və qələbə ruhunun əsas daşıyıcılarıdır. Cənab Prezident İlham Əliyevin siyasətində qadına hörmət yalnız sözlə deyil, real sosial proqramlar, hüquqi təminatlar və institusional dəstək mexanizmləri ilə müşayiət olunur.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə qadın liderliyinin ən parlaq nümunəsini ortaya qoyur. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələr minlərlə ailəyə sevinc, ümid və inam bəxş edib.

Mehriban xanım Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çıxışlarında Azərbaycan qadınının cəmiyyətdəki rolunu yüksək dəyərləndirərək vurğulayır ki, qadınların xoşbəxtliyi və rifahı güclü dövlətin əsas göstəricilərindəndir. Onun rəhbərlik etdiyi humanitar təşəbbüslər, xüsusilə aztəminatlı ailələrə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət dövlətin sosial siyasətinin humanist mahiyyətini əks etdirir.

Mehriban xanım Əliyeva həm də Azərbaycan qadınının beynəlxalq aləmdə müasir, savadlı və təşəbbüskar obrazının formalaşmasına mühüm töhfə verir. Onun fəaliyyəti qadınların liderlik potensialının genişlənməsinə stimul yaradır və gənc qızlar üçün örnək rolunu oynayır.

8 Mart münasibətilə bir daha vurğulamaq lazımdır ki, Azərbaycan qadını yalnız ailənin anası deyil, millətin gələcəyinin memarıdır. Elm, təhsil, səhiyyə, mədəniyyət, siyasət və digər sahələrdə əldə olunan nailiyyətlərin arxasında qadınlarımızın zəhməti dayanır.

Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində qadınların hüquqları etibarlı şəkildə qorunur, onların sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl proqramlar icra olunur. Bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin və cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məntiqi nəticəsidir.

8 Mart – qadınlara ehtiramın, minnətdarlığın və sevginin ifadəsidir. Azərbaycan qadını dövlətimizin gücü, ailəmizin dayağı, cəmiyyətimizin mənəvi simasıdır. Bu əlamətdar gün münasibətilə bütün xanımları ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

Nicat İsmayılov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
132
bizimyol.info

1Источники