RU

“ABŞ ordu göndərsin…” – İran kürdləri üsyandan imtina etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranda kürd müxalif silahlı qruplarını fəallaşdırmaq və ölkə daxilində qarşıdurma mühiti yaratmaq planları ilə bağlı məlumatlar xarici mediada geniş yayılıb. Bildirilir ki, məqsəd İranın təhlükəsizlik qüvvələrini daxili toqquşmalara cəlb etməklə rejimi zəiflətmək, paralel olaraq isə İsrail üçün təhlükəsizlik baxımından əlverişli tampon zonalar formalaşdırmaqdır. 

Bəs İran kürdləri bu çağırışlara necə cavab verəcək?

Musavat.com-un xəbərinə görə, Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, kürd silahlı qrupları İrana qarşı üsyan qaldırmaq və hökumət qüvvələrinə qarşı müharibəyə başlamaqdan imtina ediblər.

Onun sözlərinə görə, kürd komandirləri açıq şəkildə bildiriblər ki, əgər ABŞ birbaşa hərbi qüvvə ilə bölgəyə daxil olarsa, o zaman onlar da müharibəyə qoşula bilərlər:

“Onlar deyiblər ki, İranda onsuz da silahlı qüvvələri mövcuddur və kənardan daxil olub genişmiqyaslı müharibəyə başlamağa ehtiyac görmürlər”.

Ekspert bu mövqenin səbəblərini də izah edib. Rövşənoğlunun sözlərinə görə, ABŞ-nin siyasi mövqeyi qeyri-müəyyən olduğundan kürd qrupları ehtiyatlı davranır:

“ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, uyğun şərtlər yaranacağı halda İranda yeni rejimlə işləməyə hazırdır. Bu isə o deməkdir ki, sabah vəziyyət dəyişərsə, kürdlər İran hakimiyyətinin qarşısında tək və köməksiz qala bilərlər”.

kenan.jpg

Siyasi şərhçi qeyd edib ki, İranın XX əsr tarixi də buna bənzər hadisələrlə zəngindir.

Onun sözlərinə görə, Qərb dövlətləri bir neçə dəfə Tehrana təzyiq göstərmək üçün regionlarda baş verən üsyanlara dəstək versələr də, sonradan mərkəzi hakimiyyətlə anlaşaraq həmin qüvvələri meydanda tək qoyublar.

Kənan Rövşənoğlu xatırladıb ki, 1918-ci il Təbriz üsyanı, 1946-cı ildə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti və Mahabad Kürd Respublikası dövründə də oxşar ssenari yaşanıb:

“Həmin dövrlərdə Qərb və SSRİ əvvəlcə azərbaycanlı və kürd qüvvələrinə müəyyən dəstək versə də, sonradan Tehranla razılaşdıqları üçün bu qüvvələr tək qalıb və mərkəzi hakimiyyət tərəfindən yatırılıb”.

Rövşənoğlunun sözlərinə görə, 1979-1982-ci illərdə baş verən kürd üsyanı da silah gücünə yatırılıb və o zaman xaricdən ciddi dəstək ala bilməyən kürd qrupları İran hökuməti tərəfindən ağır itkilərə məruz qalıb.

Ekspert hesab edir ki, kürd qrupları bu dəfə tarixdən dərs çıxarıb:

“Eyni səhvi bir neçə dəfə təkrar etmək böyük siyasi səhv olar. Görünür, kürd təşkilatları bu riskləri nəzərə alaraq ehtiyatlı mövqe tuturlar”.

Donald Tramp da son açıqlamalarından birində bildirib ki, kürdlər İranda müharibəyə qoşulmaq istəsələr belə, onların böyük itkilər verməsini istəmir və bu səbəbdən belə addımı dəstəkləmir.

Qeyd edək ki, son günlər Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi hücumlar həyata keçirib. Regionda qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdən itkilər var, hərbi obyektlərlə yanaşı bəzi yaşayış məntəqələri də zərər görüb.

Şahanə Rəhimli
Musavat.com

Избранный
129
musavat.com

1Источники