RU

“Azərbaycan qadını həm milli dəyərlərin qoruyucusu, həm də gələcəyin qurucusudur” -Günay Ağamalı

"8 Mart tarixi Azərbaycan qadınının əsrlər boyu qət etdiyi şərəfli yolun və sarsılmaz iradəsinin ən bariz təzahürüdür. Bu bayram Tomrisin cəsarətindən, Sara Xatunun zəkasından və Nüşabənin müdrikliyindən süzülüb gələn milli qürurumuzun sədasıdır. Azərbaycan xanımı hər zaman Vətən müdafiəsində ən ön sıralarda yer alaraq, xalqımızın çətin anlarında mənəvi dayaq və sarsılmaz güc mənbəyi olduğunu sübuta yetirib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirdi.

"1918-ci ildə bir çox inkişaf etmiş dövlətlərdən daha öncə qadınlarımıza seçib-seçilmək hüququnun verilməsi, xalqımızın demokratik dəyərlərə nə qədər dərindən bağlı olduğunu bütün dünyaya nümayiş etdirir.

Müasir dövlətçilik tariximizdə qadın siyasətinin mərkəzində dayanan əsas prinsiplər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən baxışları ilə formalaşıb. Ulu Öndərin qadın şəxsiyyətinə bəslədiyi dərin hörmət və onların ictimai həyatda aktiv rol alması üçün yaratdığı imkanlar bu günkü uğurlarımızın möhkəm bünövrəsini təşkil edir. Hazırda İlham Əliyevin rəhbərliyi altında bu siyasət daha da təkmilləşdirilib, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmini dövlət strategiyasının prioritet istiqamətinə çevrilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən humanitar və innovativ layihələr Azərbaycan qadınının həm "yumşaq güc", həm də müasir inkişafın hərəkətverici qüvvəsi kimi beynəlxalq nüfuzunu zirvələrə daşıyır".

Müsahibimizin sözlərinə görə, bu gün qadınlarımız parlamentdə, dövlət idarəçiliyində və iqtisadiyyatın hər bir sahəsində kişilərlə bərabər şəkildə fəaliyyət göstərərək cəmiyyətimizin tərəqqisinə misilsiz töhfələr verirlər.

"Statistika göstərir ki, fərdi sahibkarlıqdan tutmuş elm və texnologiyaya qədər hər sahədə qadınların payı ilbəil artmaqda, onların idarəetmədəki rolu daha da möhkəmlənməkdədir. 2026-2028-ci illəri əhatə edən Milli Fəaliyyət Planı və "Güclü Cəmiyyətin Zərif Simaları" kimi təşəbbüslər xüsusilə regionlarda yaşayan gənc qızlarımızın rəqəmsal dünyada öz yerini tutmasına və lider kimi yetişməsinə vəsilə olur. Azərbaycan qadını həm milli dəyərlərimizin qoruyucusu, həm də gələcəyin rəqəmsal və intellektual dünyasının qurucusu kimi xalqımızın ən böyük sərvətidir".

Millət vəkili sonda Azərbaycan xanımlarını belə təbrik etdi:

"Əziz və dəyərli Azərbaycan qadınları! 

Sizlər həm bir ailənin çırağı, həm də bu millətin ruhunu, ləyaqətini və gələcəyini çiyinlərində daşıyan müqəddəs bir qüvvəsiniz. Zərifliyinizlə dünyanı gözəlləşdirir, iradənizlə ən çətin zirvələri fəth edərək tariximizə şərəfli imzalar atırsınız. Diləyirəm ki, qəlbinizdəki tükənməz sevgi işığı hər zaman yolunuzu aydınlatsın, hər bir uğurunuz Azərbaycanın tərəqqi salnaməsinə qızıl hərflərlə yazılsın. Ölkəmizin hər bir guşəsində, Xankəndidən Bakıya qədər hər addımınızda qürur və zəfər sədası duyulsun. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək olsun!".

Xədicə BAXIŞLI

Избранный
91
redaktor.az

1Источники