RU

Regiondakı müharibə Azərbaycanda neft və yanacaq qiymətinə belə təsir edəcək – Bahalaşma gözlənilir?

Yaxın Şərqdə baş verən son hadisələr və regionda artan geosiyasi gərginlik dünya enerji bazarlarında qeyri-müəyyənliyi daha da artırıb. Xüsusilə enerji daşımalarının əsas marşrutlarından biri sayılan Hörmüz boğazı ətrafında risklərin artması qlobal neft qiymətlərinə mümkün təsirlərlə bağlı müzakirələri gündəmə gətirib. Bu proseslər fonunda diqqət çəkən əsas məsələlərdən biri də neft və neft məhsulları istehsal edən ölkələrdə daxili yanacaq bazarının necə təsirlənə biləcəyi ilə bağlıdır.
Bəs regionda baş verən hadisələr və İranda yaranan gərginlik Azərbaycanın daxili yanacaq siyasətinə və qiymət tənzimlənməsinə nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, regionda baş verən hadisələr dünya bazarında neft qiymətlərinə həm psixoloji, həm də real təsir göstərir.

Dövlət

Onun sözlərinə görə, belə hallarda qlobal enerji bazarında qiymət artımı müşahidə oluna bilər:

“Regionda baş verən gərginliklər, xüsusilə də enerji daşımalarının mühüm marşrutlarından biri olan Hörmüz boğazı ətrafında risklərin artması dünya bazarında neft qiymətlərinə təsir göstərir. Belə hallarda bazarda həm psixoloji, həm də real qiymət artımı müşahidə olunur. Lakin bu proseslərin Azərbaycanın daxili yanacaq bazarına təsiri birbaşa deyil”.

İqtisadçı qeyd edib ki, Azərbaycan qlobal enerji bazarının bir hissəsi olsa da, ölkədə yanacaq qiymətləri sərbəst bazar prinsipləri ilə müəyyən edilmir.

“Azərbaycan özü də neft və neft məhsulları istehsal edən ölkədir və daxili yanacaq tələbatının böyük hissəsi yerli emal hesabına təmin olunur. Digər tərəfdən, ölkədə yanacaq qiymətləri sərbəst bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimlənir. Bu qərarlar Tarif Şurası tərəfindən qəbul edilir. Ona görə də beynəlxalq bazarda qiymət artımı avtomatik olaraq ölkə daxilində yanacaq qiymətlərinin bahalaşması demək deyil”, – deyə o, vurğulayıb.

A.İbrahimovun sözlərinə görə, əsas təsirlər daha çox qlobal enerji bazarında qeyri-müəyyənliyin artması, logistika və sığorta xərclərinin yüksəlməsi ilə bağlı olur. Bununla yanaşı, neft qiymətlərinin artması enerji ixrac edən ölkələr üçün əlavə gəlir imkanları yarada bilər.

İqtisadçı hesab edir ki, bu baxımdan Azərbaycan üçün müəyyən iqtisadi üstünlüklər də formalaşır.

“Mövcud şəraitdə Azərbaycanın enerji təhlükəsizliyi və daxili yanacaq təminatı baxımından ciddi risklər görünmür. Ölkənin enerji infrastrukturu və istehsal imkanları daxili bazarın sabitliyini təmin etməyə imkan verir. Buna görə də regionda baş verən hadisələrin Azərbaycanın daxili yanacaq siyasətinə təsiri əsasən dolayı xarakter daşıyır”.

İqtisadçı əlavə edib ki, hazırkı şəraitdə ölkədə yanacaq təminatı və qiymət sabitliyi baxımından ciddi təhlükə gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
135
4
konkret.az

10Источники