RU

Revanşist Tatoyan baş nazir olmaq istəyir

Ermənistanda seçkilər yaxınlaşdıqca revanşist düşərgədən yeni bəyanatlar səslənməyə başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Birlik qanadları” adlı siyasi təşəbbüsün rəhbəri, keçmiş ombudsman Arman Tatoyan qarşıdan gələn 7 iyun parlament seçkilərində baş nazir postuna namizəd olmaq niyyətində olduğunu açıqlayıb.

Tatoyan çıxışında əsas məqsədinin “real sülhün qurulması” olduğunu iddia edib. Onun sözlərinə görə, belə bir sülh yalnız özünü müdafiə edə bilən güclü dövlətin mövcudluğu şəraitində mümkündür və Ermənistan xarici güclərin iradəsinə arxalanmamalıdır.

Ermənistandakı daxili siyasi vəziyyəti qiymətləndirən Tatoyan həm mövcud hakimiyyəti, həm də keçmiş rəhbərləri tənqid edib. Onun sözlərinə görə, indiki hakimiyyət əvvəlki səhvlərin üzərində qurulub və cəmiyyət artıq nə keçmiş elitalarla, nə də indiki rəhbərliklə gələcəyini bağlamaq istəyir.

Arman Tatoyan hakimiyyətin və bəzi siyasi qüvvələrin Ermənistan üçün “günah – təslimçilik – kapitulyasiya” formulunu irəli sürdüyünü iddia edərək buna qarşı “səhv – dərs – dirçəliş” konsepsiyasını təklif etdiyini bildirib. O, həmçinin təhlükəsizlik və demokratiyanın, güclü ordu və azad iqtisadiyyatın paralel inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Konstitusiya məsələsinə toxunan Tatoyan bildirib ki, problem əsas qanunun mətnində deyil, onun icra olunmamasındadır. O, konstitusiyanın hansısa siyasi liderin hakimiyyətdə qalması və ya xarici dövlətlərin tələbləri naminə dəyişdirilməsinə qarşı olduğunu deyib.

Xarici siyasət sahəsində isə təşəbbüs hərbi əməkdaşlığın həm Şərq, həm də Qərb ölkələri ilə genişləndirilməsini nəzərdə tutur. Tatoyanın sözlərinə görə, bu çərçivədə Fransa və ABŞ ilə əməkdaşlıq xüsusi yer tuta bilər.

Çıxışının sonunda Tatoyan Qarabağdan köçmüş ermənilərin məsələsinə toxunaraq onların “ləyaqətli həyatının və təhlükəsiz qayıdışının” gündəmdə saxlanacağını bildirib.

O, qarşıdan gələn seçkilərdə müxtəlif qlobal güc mərkəzlərinin – Rusiya, ABŞ, Avropa və ya Azərbaycanın dəstəklədiyi namizədlərin olduğunu iddia edərək, özünü yalnız “Ermənistanın namizədi” kimi təqdim etdiyini vurğulayıb.

Qeyd edək ki, Arman Tatoyan Ermənistan siyasətində uzun müddətdir sərt anti-Azərbaycan mövqeyi və revanşist ritorikası ilə tanınır. Bu baxımdan onun indi “real sülh”dən danışması bir çox müşahidəçilər tərəfindən siyasi manevr kimi qiymətləndirilir. Analitiklərin fikrincə, seçkilər ərəfəsində səslənən bu cür bəyanatlar daha çox daxili auditoriyaya hesablanmış populist ritorikadan başqa bir şey deyil.

Musavat.com

Избранный
129
9
musavat.com

10Источники