RU

Oğul Xamenei atasının yolunu gedəcək? – Deputatdan FƏRQLİ açıqlamalar

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk suallarını parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov cavablandırıb. Millət vəkili İranın yeni ali dini rəhbəri Müctəba Xamenei və Bakı-Tehran münasibətləri barədə danışıb. Müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, necə bilirsiniz, İran Əli Xameneinin oğlu ilə yoluna davam edə və mövcud siyasi-teokratik sistemi qoruyub saxlaya biləcəkmi?

- Biz əvvəlcə nəzərə almalıyıq ki, İranda olduqca güclü bir siyasi sistem var. Bu siyasi sistemin strukturları elə qurulub ki, ciddi dəyişiklik gözləməyin özü sadəlövhlük olardı. Ona görə də yeni ali rəhbərdən sonra İran eyni ritorikanı davam etdirəcək və mövcud siyasi sistemi saxlayacaq. Məncə, burada ciddi dəyişiklik ehtimalı irəli sürmək düzgün olmazdı. Üstəlik, yeni dini rəhbər SEPAH-a yaxın şəxsdir. Onun kifayət qədər nüfuzu var və bu səbəbdən də, Xameneinin oğlunun rəhbərliyi ilə sistem öz fəaliyyətini davam etdirəcək.

- Əli Xameneinin qətlindən sonra rejimin tezliklə çökəcəyi gözlənilirdi. Amma 28 fevraldan bəri İran cavab zərbələri endirir və indi də onun oğlu dini rəhbər seçildi. O zaman, keçmiş ali rəhbərin öldürülməsi ilə ABŞ-İsrail tandemi taktiki səhvə yol vermiş sayıla bilərmi?

- Əslində, bugünkü proseslər onu göstərir ki, ABŞ İrana qarşı heç bir məqsədinə nail ola bilmədi. Doğrudur, İran zəiflədildi, hərbi strukturlarına ciddi zərər vuruldu, amma əvvəlkindən də dinamik, güclü bir şəxs dini rəhbər gətirildi. Əvvəldən bəlli idi ki, bu əməliyyatlarla sistemi tamamilə dəyişmək mümkün olmayacaq. Onlar elə fikirləşdilər ki, İrana qarşı əməliyyatlar başlanan kimi eyni vaxtda xalq da ayağa qalxacaq. Ancaq mən daha əvvəldən demişdim ki, xalq ayağa qalxmayacaq. Əksinə, yeni ali rəhbərin dövründə ritorika bundan sonra daha sərt olacaq. Çünki onsuz da İran ağır zərbə alıb, hərbi infrastruktur dağıdılıb. İndi daha sərt şəkildə mövqe tutacaqlar. Ona görə də dəyişiklik olmayacaq.

- Azərbaycan-İran münasibətləri bu proseslər fonunda son 10 gündə böyük təlatüm yaşadı. Yəni bir qabarma-çəkilmə, gərginlik oldu. Prezident səfirliyə ziyarətə getdi, ertəsi gün Naxçıvana hücum oldu, sonra Nazirlər Kabineti yükdaşımalarla bağlı qərar verdi, rəsmi Tehrandan bəyanatlar, ən nəhayət, Pezeşkiandan prezident Əliyevə zəng oldu. Hazırda əlaqələr hansı dövrünü yaşayır?

- Azərbaycan-İran münasibətlərinin yaxşı istiqamətə getməsi müsbət haldır. Azərbaycan Naxçıvana hücuma haqlı olaraq sərt reaksiya verdi. Mən baş verən hadisələrlə bağlı çox narahat idim ki, İranla əlaqələr yenidən uzunmüddətli gərginlik dövrünə daxil ola bilər. Amma İran səhvini anladı və münasibətlər uzunmüddətli gərginlik dövrünə girmədi. O baxımdan, münasibətlərin qısa müddətdə bərpası yaxşı nəticədir. İnanırıq ki, İran münasibətlərin normallaşmasında Azərbaycan kimi maraqlı olduğunu göstərəcək.

Emil Salamoğlu
Musavat.com

 

Избранный
99
musavat.com

1Источники