RU

Restorandan sərxoş vəziyyətdə çıxdıqdan sonra həmyerlilərinə xəsarət yetirən şəxsə AĞIR CƏZA

Ali Məhkəmədə adam bıçaqlamaqda təqsirləndirilən Şaiq Əsədovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Şaiq Əsədov 2024-cü il yanvarın 16-da Şərur şəhəri ərazisində yerləşən “Karvan” restoranında spirtli içki qəbul edib. Restorandan çıxdıqdan sonra o, yolda hərəkət edərkən heç bir səbəb olmadan kiməsə zor tətbiq etmək niyyətinə düşüb və bu məqsədlə xuliqanlıq niyyəti ilə Şərur rayonunun Çərçiboğan kəndinə gedib.

 

İstintaq materiallarına əsasən, Şaiq Əsədov həmin kənddə yaşayan zərərçəkmiş Malik Bədəlzadənin (adı, soyadı şərtidir) evinə daxil olub. O, zərərçəkmiş şəxsi divara sıxışdıraraq baş nahiyəsinə yumruqla bir neçə zərbə vurub. Hadisə zamanı Malikin qızı digər otaqdan səs-küyü eşidərək hadisə yerinə gəlib və atasını müdafiə etmək məqsədilə sobanın yanında olan odun parçasını götürərək Şaiqi vurmaq istəyib. Lakin təqsirləndirilən şəxs onun əlindən odun parçasını alaraq qadını itələyib. 

 

Bundan sonra Malik Bədəlzadə hücum edən şəxsin əlindən qaçaraq qonşusu Hətəm Nəbiyevin (adı, soyadı şərtidir) yaşadığı evə sığınıb. Lakin Şaiq zərərçəkmiş şəxsi təqib etməyə davam edib. O, Malikin həyətindən metal şiş götürərək onun arxasınca gedib. Həmin evə daxil olduqdan sonra Şaiq Əsədov əvvəlcə Malikə kömək etmək istəyən Hətəmin başının arxa nahiyəsindən əlindəki şişlə zərbə endirib. Daha sonra o, cinayətkar niyyətini davam etdirərək Malikə də əlindəki şişlə çoxsaylı zərbələr vurub.

 

Nəticədə zərərçəkmiş şəxsə politravma, baş-beyin silkələnməsi, hər iki göz nahiyəsində, gicgah, alın, təpə və ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərinin ikiqat sınığı, sağ əng və sağ almacıq sümüklərinin yerdəyişmə ilə müşayiət olunan sınıqları, həmçinin sağ frontal sümüyün sınığı kimi ağır xəsarətlər yetirilib. Ekspertiza rəylərinə əsasən, bu xəsarətlər insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaiq Əsədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 10 Mart 2026, 08:17   
Избранный
41
pravda.az

1Источники