RU

“Anthropic” Pentaqonu məhkəməyə verib

“Anthropic” şirkəti ABŞ Müdafiə Nazirliyinə, Pentaqonun rəhbəri Pit Heqsetə, bir neçə federal quruma və Donald Tramp administrasiyasının bəzi rəsmilərinə qarşı iddia qaldırıb. “Claude” süni intellekt modelinin yaradıcısı olan şirkət Pentaqonun tələblərinə tabe olmaqdan imtina etdiyi üçün hakimiyyət orqanlarını biznesini dağıtmağa cəhd etməkdə ittiham edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

İddia Ağ evin şirkəti “təchizat zənciri üçün təhlükə” elan etməsi ilə bağlıdır. Bu status faktiki olaraq şirkətlə əməkdaşlığı qadağan edir: “Anthropic” texnologiyalarından istifadə etməyə davam edən müştərilər Pentaqon tərəfindən müqavilələrinin dərhal ləğv olunması riski ilə üzləşə bilər.

Şirkəti dəstəkləyənlər arasında “Google” və “OpenAI” daxil olmaqla rəqib korporasiyalardan 37 aparıcı süni intellekt tədqiqatçısı da var. Onlar məhkəməyə müraciət edərək bildiriblər ki, administrasiyanın bu cür addımları ABŞ-nin texnoloji liderliyinə və elmi rəqabət qabiliyyətinə zərbə vurur.

“Anthropic” ilə Pentaqon arasındakı münaqişə “Claude” modelinin etik istifadəsi ilə bağlı fikir ayrılıqları səbəbindən yaranıb. 2024-cü ildən ABŞ hərbi və təhlükəsizlik qurumları ilə sıx əməkdaşlıq edən “Anthropic” tələb edib ki, onun süni intellekti avtonom silahların idarə olunması və ya amerikalılar üzərində kütləvi nəzarət üçün istifadə olunmasın.

Öz növbəsində Tramp administrasiyası şirkətin təhlükəsizlik üçün risk yaratdığını bildirib. Onların fikrincə, “Anthropic” Pentaqonun imkanlarını məhdudlaşdırmağa çalışır və əməliyyatlar zamanı istənilən anda kritik texnologiyaları söndürə bilər.

Избранный
6
banker.az

1Источники