RU

Bazarda saxta yumurtaların olduğu iddia edilir - Necə ayırd etmək olar? - FOTO

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif üsullarla saxta yumurtaların hazırlanaraq bazarlarda satılması ilə bağlı çoxsaylı videolar paylaşılır. Görüntülər əsasən xarici ölkələrdə çəkilmiş olsa da, Azərbaycanda da əhali arasında yumurtaların keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb.

Day.Az xəbər verir ki, bəzi alıcılar bildirirlər ki, xüsusilə tutqun ağ rəngdə olan bəzi yumurtalar süni hazırlanmış kimi görünür. Onların sözlərinə görə, yumurtanı sındırarkən sarısı göyümtül rəngə çalır və qeyri-adi şəkildə yayılır.

Satıcılar bazarlarda satdıqları yumurtaların saxta olmadığını deyirlər. Onların sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər yerli bazarlara aid deyil.

Bəs həqiqətən saxta yumurta hazırlayıb satışa çıxarmaq mümkündürmü?

Əgər belə hallarla rastlaşmaq ehtimalı varsa, saxta yumurtanı təbii yumurtadan necə ayırmaq olar?

Mütəxəssislərin sözlərinə görə, orijinal yumurtanın özünəməxsus spesifik qoxusu olur. "Ovaskop" adlı cihazla yumurtanın içinə işıq salındıqda təbii yumurtanın daxili hissəsi şəffaf şəkildə görünür. Əgər yumurta çirklənmiş və ya saxta üsulla hazırlanmış olarsa, onun içində ləkələr və ya plastikə bənzər topalar müşahidə edilə bilər.

Eyni zamanda yumurtanın sarısı həddindən artıq parlaq, sanki boyanmış kimi görünə bilər. Yumurtanın qabığı əllə sıxıldıqda tez deformasiya olunursa və ya hissələrə ayrılırsa, bu da keyfiyyətlə bağlı şübhə yarada bilər.

Azərbaycan Quşçuluq Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından isə bildirilib ki, ölkədə saxta yumurtanın satılması mümkün deyil. Qurumun məlumatına görə, son 5 ildə Azərbaycana xaricdən ərzaqlıq yumurta idxal olunmayıb. Hətta yerli istehsal daxili tələbatı tam qarşıladığı üçün yaxın zamanda yumurta idxalının yenidən həyata keçirilməsi də gözlənilmir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən də bildirilib ki, ölkəmizə Çindən və digər ölkələrdən ərzaqlıq süfrə yumurtası idxal olunmur.

Elcan Turan
Day.Az

Избранный
52
day.az

1Источники