RU

Trampdan müəmmalı İran açıqlaması: Yeni mərhələ başladı, bu dəfə...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin böyük ölçüdə sona çatdığını bildirib. Həmçinin ABŞ prezidentinin Yaxın Şərq üzrə köməkçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İsrailə məhz müharibənin bitirilməsini razılaşdırmaq üçün səfər etdikləri deyilir.

Ekspertlərin fikrincə, müharibənin bitməsi yalnız hərbi əməliyyatların dayanması ilə müəyyən olunmur. Regionda gərginlik hələ də davam edir, diplomatik və siyasi proseslər, həmçinin müxtəlif tərəflərin maraqları vəziyyətin mürəkkəb olduğunu göstərir.

İrana hücumlar nə zaman dayanacaq? Müharibənin bitməsi hansı halda mümkündür?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən, “İran savaşı böyük ölçüdə bitib”, – kimi bəyanatlar daha çox siyasi və diplomatik mesaj xarakteri daşıyır:

“Müasir geosiyasi qarşıdurmaların mahiyyəti göstərir ki, belə münaqişələr təkcə hərbi əməliyyatların dayandırılması ilə bitmiş sayılmır. Xüsusilə İran ətrafında formalaşan gərginlik regional və qlobal güclərin maraqları ilə sıx bağlıdır və buna görə də proseslərin tam yekunlaşdığını demək hələ tezdir.

Əgər hərbi əməliyyatların intensivliyi azalıbsa və tərəflər açıq toqquşmadan çəkinirsə, bu, müharibənin bitməsi yox, daha çox onun növbəti mərhələyə siyasi, diplomatik və bəzən də “kölgə müharibəsi” mərhələsinə keçməsi kimi qiymətləndirilə bilər. Yaxın Şərqdə münaqişələrin tarixinə baxdıqda görürük ki, açıq döyüşlərin dayanması çox vaxt gərginliyin aradan qalxması demək olmur. Əksinə, proses yeni taktika və vasitələrlə davam edir.

Elman Telmanoğlu

Digər tərəfdən, beynəlxalq münasibətlərdə böyük güclər tez-tez daxili auditoriyaya və müttəfiqlərə mesaj vermək üçün optimist bəyanatlar səsləndirirlər. Bu baxımdan Trampın açıqlaması daha çox siyasi qiymətləndirmə və ya diplomatik mövqenin ifadəsi kimi qəbul oluna bilər. Reallıqda isə regionda təhlükəsizlik balansı hələ də kövrəkdir və hər hansı kiçik insident belə gərginliyin yenidən kəskinləşməsinə səbəb ola bilər.

Nəticə etibarilə, hazırkı vəziyyəti “müharibənin tam bitməsi” kimi deyil, daha çox aktiv hərbi mərhələnin səngiməsi və prosesin siyasi-strateji müstəviyə keçməsi kimi dəyərləndirmək daha real görünür. Yəni Trampın dediyi kimi, müharibənin qəti şəkildə bitdiyini söyləmək üçün hələ kifayət qədər əsas yoxdur. Regiondakı dinamika göstərir ki, qarşıdurma müxtəlif formalarda davam edə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
50
globalinfo.az

10Источники