RU

"Yel həm dağıdıcı, həm də canverici qüvvədir" - AYDINLIQ GƏTİRİLDİ

"Novruz bayramı ərəfəsində bildiyimiz kimi dörd çərşənbə qeyd olunur. Bu dörd çərşənbə əslində bütövlükdə ilaxır çərşənbələr kimi tanınır. Bəzən biz yalnız sonuncu çərşənbəni “ilaxır çərşənbə” adlandırırıq, amma əslində bu dövrdə qeyd olunan bütün çərşənbələr həmin anlayışa daxildir. Dünyanın yaranması ilə bağlı xalq inanclarına görə, bu dörd ünsür - su, od, yel və torpaq - təbiətin və həyatın əsas maddi ünsürləri hesab olunur. Bu səbəbdən də xalqımız arasında bu ünsürlərin hər birinin oyanması hər həftə bir bayram kimi qeyd edilir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Onun sözlərinə görə, bu oyanma mərhələsi su çərşənbəsi ilə başlayır: "Suyun dünyanın yaranmasında mühüm rolu olması, canlı aləmin suda meydana gəlməsi kimi inanclar suyun ilkinliyi ilə bağlıdır. Daha sonra od çərşənbəsi gəlir. Od, əslində Günəşin yerdəki rəmzi hesab olunur. Günəşin istiliyinin artması ilə birlikdə təbiətdə canlanma başlayır və xalqımız bu dövrdə Novruz bayramına doğru irəliləyir.

Bilirdiyimiz kimi, Novruz bayramının əsas aparıcı və dominant elementi Günəşdir. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi anda yaz fəsli başlayır və biz də bu bayramı qeyd edirik. Əslində, təkcə biz deyil, şimal yarımkürəsində yaşayan bir çox xalqlar üçün bu dövr yazın başlanğıcıdır. Amma maraqlıdır ki, Azərbaycan xalqının yazın gəlişinə münasibəti digər xalqlardan fərqli və daha özəldir. Xalqımız yazın gəlişini təxminən bir ay, bəzən bir aydan da artıq müddət ərzində bayram əhval-ruhiyyəsi ilə qarşılayır. Bu bayram dövründə dörd çərşənbənin xüsusi əhəmiyyəti var. Boz ayda qeyd olunan bu çərşənbələr hər həftə bir ünsürün oyanması ilə əlaqələndirilir: suyun oyanması, odun və istiliyin artması, yelin əsməsi və nəhayət torpağın oyanması. Bütün bu mərhələlər sonda Novruz bayramının gəlişinə hazırlıq kimi qəbul olunur.

Xüsusilə yel çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Xalq inanclarına görə, yel təbiətin hərəkətə gəlməsinin, oyanmasının rəmzidir. Bu inancda “Yel baba” adlı mifoloji obraz da mövcuddur. Yel babanın gəlməsi və yelin əsməsi təbiətin oyanmasını ifadə edir. Bəzən yelin güclü olması dağıdıcı təsir də göstərə bilər və insanlara müəyyən fəlakətlər gətirə bilər. Amma eyni zamanda yel təbiətə can verən, onu oyadan bir qüvvə kimi də qəbul olunur. Novruz ərəfəsində qeyd olunan bu çərşənbələrdə insanların həyata keçirdiyi bəzi adətlər də var. Məsələn, evlərdə geniş təmizlik işləri aparılır, xalça-palazlar, yorğan-döşəklər havaya verilir, qapı-pəncərələr açılır. Xalq inanclarına görə, yelin və təbiətin oyanmasının evə daxil olması xeyir-bərəkət gətirir. İnsanlar inanırlar ki, bu təbiət oyanışı evə daxil olduqda ailəyə ruzi, bərəkət və uğur gətirir.

Beləliklə, Novruz ərəfəsində qeyd olunan bu çərşənbələr xalqımızın təbiətə münasibətini, onun oyanmasını və həyatın yenidən başlanmasını simvolizə edir. Bu şəkildə insanlar yeli qarşılayır, onu bir növ təbiətin oyanışı kimi qəbul edir və beləliklə, ona münasibətlərini bildirirlər. Yelin əsməsi, küləyin hərəkəti tarix boyu dünyada bir çox mühüm hadisələrin inkişafına da səbəb olmuşdur. Məsələn, insanlar uzaq məsafələrə, okeanlara ilk dəfə üzməyi məhz küləkdən asılı olan yelkənli gəmilərin icadı ilə mümkün etmişlər. Bu yelkənli gəmilər böyük məsafələr qət edir və yelin gücü ilə hərəkət edirdilər.

Digər tərəfdən, yel dəyirmanlarının yaranması da insanların həyatında mühüm yeniliklərdən biri olmuşdur. İnsanlar əvvəllər buğda və arpanı kirşəklə və ya əl daşları ilə üyüdürdülərsə, sonralar yel dəyirmanlarının köməyi ilə bu iş daha asan və rahat şəkildə görülməyə başlandı. Bu da insanların gündəlik həyatını müəyyən qədər yüngülləşdirdi.
Yelin başqa bir mühüm təsiri isə təbiətin oyanmasında özünü göstərir. Yelin əsməsi ağacların hərəkətinə səbəb olur və bu da tozlanma prosesinin baş verməsində mühüm rol oynayır. Əgər ağaclarda tozlanma prosesi baş verməzsə, təbii ki, onlar bar verə bilməz. Bu baxımdan yel təbiətin canlanmasında və məhsuldarlığın artmasında mühüm amillərdən biri hesab olunur.

Məhz buna görə də Novruz ərəfəsində yelin insanlara müsbət təsiri xalq inanclarında xüsusi yer tutur. İnsanlar yeli xeyir-bərəkət gətirən bir qüvvə kimi qəbul edir, onun gəlməsini arzulayır və bu münasibət də çərşənbələrdə qeyd olunan mərasimlərdə öz əksini tapır. Novruza qədər olan çərşənbələrdə Azərbaycan xalqının süfrə mədəniyyəti də öz zənginliyi ilə seçilir. Bu zənginlik müxtəlif plov növlərində, xəmir xörəklərində, süfrəyə qoyulan müxtəlif təamlarda və çərəzlərdə özünü göstərir. Azərbaycan mətbəxinin çox böyük və zəngin çeşidi var. Lakin xalqımız ən gözəl nemətlərini adətən ilin sonuna - ilaxır çərşənbəyə və Novruz bayramının qarşılanması ərəfəsinə saxlayır. Bayram yaxınlaşdıqca süfrələr daha da zənginləşir və Novruzun gəlişi zamanı süfrə daha geniş və təmtəraqlı şəkildə qurulur.

Bu dövrdə bilirik ki, qışdan çıxan insanın cismində və canında müəyyən bir zəiflik olur. Qış ağır fəsildir və vaxtilə qışın soyuğu çox sərt şəkildə insanlara təsir edirdi. Hətta insanlar yaz gəldikdə Allaha dua edirdilər ki, şükür, bu qışdan salamat çıxdıq. Çünki indiki dövrdən fərqli olaraq, o zaman hər yerdən ölkəyə məhsullar gətirilmirdi. Qədim dövrlərdə insanlar kənd və dağ şəraitində yaşayır, payızdan topladıqları azuqəni yaza qədər saxlayırdılar. Bu ərzaqları elə bölüşdürürdülər ki, yaz gələnə qədər onları təmin edə bilsin.

Bu baxımdan yazın əvvəli insanların ərzaq ehtiyatının azaldığı bir dövr idi. Taxıl hələ əkilməmiş olurdu, məhsuldarlıq isə hələ başlamamışdı. Buna görə də insanlar payızdan saxladıqları quru meyvələrdən istifadə edir, müxtəlif xəmir xörəkləri bişirirdilər. Məsələn, düyüdən hazırlanan bulğur aşı, lobyalı aşı və digər bu kimi yeməklər daha çox istifadə olunurdu. Bu yeməklərin əksəriyyəti ətsiz hazırlanırdı. Bunun səbəbi isə qış dövründə heyvanların da zəifləməsi idi. Yazın əvvəllərində heyvanlar kəsilmirdi, çünki onlar arıq və zəif olurdular. Yazın gəlişi, təbiətin oyanması, otların göyərməsi ilə heyvanlar qidalanır və sonrakı dövrlərdə kökəlirdilər.

Bu səbəbdən insanlar əllərində olan nemətlərlə kifayətlənir, müxtəlif yeməklər hazırlayırdılar. Məsələn, qərb bölgələrimizdə hazırlanan xəngəl kimi yeməklər, qurutdan və ya digər məhsullardan hazırlanan yeməklər geniş yayılmışdı. Balakən və Zaqatala bölgələrində isə şülhöllü kimi yeməklər hazırlanırdı. Bu yeməklərin bir çoxu payız dövründən hazırlanan və qış üçün saxlanılan məhsullardan hazırlanırdı. İnsanlar bu ərzaqları xüsusi kisələrdə saxlayır və qış boyu onlardan istifadə edirdilər.

Ümumiyyətlə, xalqımızın həyatında yer çərşənbəsinin bayram kimi qeyd olunması insanlarda xüsusi bir əhval-ruhiyyə yaradır. Bu çərşənbə insanların yazın gəlişinə daha da yaxınlaşmasını simvolizə edir. Həftələr keçdikcə yazın gəlişi daha da hiss olunur və insanlar bu günləri şən və təntənəli şəkildə qeyd edirlər. Bu da insanlarda bir inam yaradır ki, artıq yaz yaxınlaşır, təbiət oyanacaq, ruzi-bərəkət artacaq. Bütün bunlar Günəşin istiliyinin artması ilə də bağlıdır. Günəş artıq şimal yarımkürəsinə doğru hərəkət edir və Yer Günəş ətrafında bir illik dövrünü tamamladıqdan sonra yaz fəslinə qədəm qoyulur".

Müəllif: Günel Fərzəliyeva
Избранный
15
1
sia.az

2Источники