ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Çin Tayvanı müstəqilliyini müdafiə edən separatçı qüvvələrə qarşı “həlledici zərbələr” endirmək və xarici müdaxiləyə müqavimət göstərmək niyyətindədir. Bu mövqe 14-cü Milli Xalq Nümayəndələri Konqresinin Dördüncü Sessiyasının hesabatında əksini tapıb və Çin hökumətinin Tayvan məsələsində vahid Çin prinsipini qətiyyətlə dəstəkləyəcəyi vurğulanıb.Bu addımlar Çin tərəfindən dünyadakı müharibə və böhran vəziyyətindən faydalanmaq cəhdi kimi qiymətləndirilə bilərmi?
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, dünyanın yenidən bölüşdürülməsi, dünyanın yenidən format olunması prosesi gedir: “Dünyanı gərginlik bürüyüb, hər yerdə müharibə gedir. Bu əsas müharibədə, bu əsrin ən böyük müharibəsi də Amerika və Çin müharibəsi olacaq. Bunun da qarşısında Tayvan məsələsi durur və Baydenin dövründə ABŞ Tayvana ciddi dəstək göstərirdi.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi öz nümayəndə heyəti ilə ora uçdu. Həmin dövrdə müharibə olacağı istisna deyildi. Çin demişdi ki, əgər onların təyyarəsi Tayvana gələrsə, onu vuracaqlar. Ancaq vurulmadı, danışıqlar yolu olan məsələlər həll olundu”.
Elşad Həsənov
Elşad Həsənov bildirib ki, Çin Tayvan məsələsində vahid Çin dövlətinin olması prinsipini dəstəkləyir və bunu həyata keçirməyə çalışır: “Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan da Çin dövlətini vahid, yəni bütöv bir dövlət kimi tanıyır və onu bu məsələdə dəstəkləyir. Hazırkı dövrdə, yəni ABŞ-ın hazırda İranla müharibə apardığı bir dövrdə Çinin, Milli Xalq Nümayəndələri Konqresinin dördüncü sessiyasının hesabatında da bu məsələlər qoyulub.
Politoloq hesab edir ki, Çin qətiyyən Tayvandan əl çəkməyəcək, bu yolda ABŞ-la müharibəyə hazırdır: “Bu gün Çin Amerika ilə müharibəni İran üzərindən aparır. ABŞ və İsrail, İrana hücum etməzdən öncə Çinin hərbi təyyarələrinin İrana hərbi yüklərin gətirilməsi haqqında da məlumatlar verilirdi. Bu məsələlərdə artıq, necə deyərlər, Çin-ABŞ müharibəsi gedir. Ona görə də, belə bir vəziyyətdən Çin öz qüdrətini gücləndirmək, dövlətin dağılmaması və Tayvanı onun əlindən çıxmaması üçün bütün vasitələrdən istifadə edəcək”.
Elşad Həsənov qeyd edib ki, bu səbəbdən də hazırkı vəziyyətdən Çin yararlanmaq istəyir.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.