RU

Kreml elitasının mədəniyyət şəbəkəsi: nazirlərin və generalların qızları...

Rusiyada mədəniyyət sahəsində maraqlı tendensiya formalaşıb: yüksək vəzifəli məmurların və təhlükəsizlik strukturları rəhbərlərinin qohumları incəsənət layihələrinin əsas fiqurlarına çevrilirlər.

Musavat.com xəbər verir ki, bu barədə saytların birində geniş araşdırma dərc olunub.

Məlumata görə, prezident Vladimir Putinin mədəniyyət üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy martın 4-də bildirib ki, Rusiya 2022-ci ildən sonra ilk dəfə Venesiya Biennalesində milli pavilyonla iştirak edəcək.

Rusiya pavilyonunun komissarı 2021-ci ildən etibarən Anastasiya Karneyevadır. O, "Rostex" dövlət korporasiyasının rəhbərliyində çalışan və FTX generalı olan Nikolay Volobuyevin qızıdır.

Karneyevanın biznes tərəfdaşı isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovadır. Onlar birlikdə "Smart Art" adlı şirkətə sahibdirlər. Şirkət 2019-cu ildən Venesiya Biennalesində Rusiya pavilyonunun operatoru kimi fəaliyyət göstərir və ölkədə müxtəlif sərgilərin təşkilində iştirak edir.

Vinokurova bundan əvvəl Moskvada məşhur "Christie's" hərrac evinin ofisinin direktoru olub.

Rusiyada mədəniyyət sahəsində diqqət çəkən başqa bir nümunə də Proniçev bacılarıdır.

Yelena Proniçeva FSB-nin yüksək vəzifəli generallarından biri olan Vladimir Proniçevin qızıdır. O, 42 yaşına qədər üç böyük muzeyə rəhbərlik edib - Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Federal Politexnik Muzeyi və Tretyakov qalereyası.

Yelena Proniçeva 2023-cü ildə Tretyakov qalereyasının direktoru təyin olunmuş, lakin 2026-cı ilin yanvarında bu vəzifədən ayrılmışdı. Onun yerinə isə Puşkin muzeyinin keçmiş direktoru Olqa Qalaktionova gətirildi.

Qalaktionovanın yerini isə Puşkin muzeyində Proniçevin digər qızı - Yekaterina Proniçeva tutdu. O, bundan əvvəl Moskva hökumətinin mədəniyyət departamentində çalışıb, paytaxtın turizm komitəsinə rəhbərlik edib və VDNX sərgi kompleksinin direktoru olub.

Digər diqqət çəkən nümunələrdən biri də Anna Yarınadır. O, Rusiya prezident administrasiyasında daxili siyasətə cavabdeh olan yüksək vəzifəli məmur Andrey Yarının qızıdır.

2025-ci ilin oktyabrında 27 yaşlı Yarına Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya və rəqəmsal inkişaf departamentinin rəhbəri təyin edilib. Bu qurum film istehsalına dövlət maliyyəsi ayrılması və prokat icazələrinin verilməsi ilə məşğul olur.

Rusiya Milli Qvardiyasının rəhbəri və Vladimir Putinin keçmiş mühafizəçisi Viktor Zolotovun gəlini Olqa Zolotova da incəsənət sahəsində fəaliyyət göstərir. O, 2023-cü ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib və özünü müasir rəqəmsal incəsənət sahəsində çalışan foto-rəssam kimi təqdim edir.

Mədəniyyət layihələrində iştirak edən digər tanınmış sima isə Tatyana Navkadır. O, Kremlin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır və illərdir müxtəlif buz şouları təşkil edir.

Navkanın layihələri dövlət dəstəyi ilə həyata keçirilir. Məlumata görə, 2022-ci ildən etibarən onun şoularına 117 milyon rubldan çox dövlət vəsaiti ayrılıb. Bundan əlavə, "Ruslan və Lyudmila" musiqili tamaşasının Luqanskda səhnələşdirilməsi üçün daha 14,4 milyon rubl maliyyə ayrılıb.

Peskovun qızı Yelizaveta Peskova da müxtəlif mədəni layihələrdə iştirak edib. O, bir müddət Rusiya-Fransa tarixi təşəbbüslərinin inkişaf fondunda vitse-prezident vəzifəsində çalışıb.

Rusiya elitasının incəsənət sahəsində fəaliyyət göstərən nümayəndələrindən biri də keçmiş müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqudur. O, 2019-cu ildə "Qala adaları" (Ostrova fortov) layihəsinin rəhbəri olub və 2022-ci ildə Vladimir Putinə Kronştadtda yaradılan yeni muzeyləri təqdim edib.

Keçmiş baş nazir müavini və hazırda VEB.RF dövlət korporasiyasının rəhbəri İqor Şuvalovun qızı Mariya Şuvalova isə 2025-ci ildə Böyük Teatrın solisti kimi debüt edib. Onun çıxışı tənqid edilsə də, Şuvalova tənqidləri "qəsdən təşkil olunmuş kampaniya" adlandırıb.

Digər nümunə isə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın gəlini Darya Filippovadır. O, 2022-ci ildə Moskvada keçmiş çörək zavodunun yerində yaradılan "Zotov Mədəniyyət Mərkəzini" açıb. Layihənin əsas sponsoru isə dövlət bankı VTB olub.

Beləliklə, Rusiyada mədəniyyət və incəsənət sahəsində bir çox layihələrin arxasında ölkənin siyasi və güc strukturlarına bağlı ailələrin nümayəndələrinin dayanması diqqət çəkir. Bu tendensiya ölkədə mədəniyyət layihələrinin dövlət elitası ilə sıx bağlı olduğunu göstərən yeni bir fenomen kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
1
olaylar.az

10Источники