RU

“Pərdəarxası” gücdən Ali Liderliyə - Müctəba Xamenei

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei İslam Respublikası sistemində uzun illər arxa planda qalan, uzun illər səs-səmirsiz fəaliyyət göstərən, lakin hər zaman təsir gücü olan bir fiqur olub. 

Onun yeni dönəm Ali Rəhbər kimi adı, ölkənin varisini seçməyə məsul olan 88 nəfərlik Ekspertlər Şurası tərəfindən açıqlanıb.

Müctəba Xameneinin liderliyə yüksəlişində atası, ABŞ-İrsail hərbi qüvvələri tərəfindən fevralın 28-də öldürülmüş İranın Ali Rəhbəri Əli Xamaneidən qalan siyasi miras, dini biliklərə və dini legitimliyi və güclü təhlükəsizlik strukturları üzərində real təsir imkanları əhəmiyyətli olub.

M.Xameneinin İranda ən güclü qüvvə sayılan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə də sıx əlaqələrinin olduğu deyilir.

Xarici mətbuat onun seçilməsini həm İran hakimiyyəti sabitliyi üçün strateji addım, həm də regionda daha sərt siyasətin davamı kimi dəyərləndirir.

Arxa plandan zirvəyə: Müctəba Xamenei kimdir?

Müctəba Xamenei 1969 cu ilin 8 sentyabrında İranın məşhur dini mərkəzlərindən olan Məşhəd şəhərində, müxalif siyasətçinin ailəsində doğulub.

Atası Əli Xamanei o dövrdə Şah Məhəmməd Rza Pəhləvinin başında durduğu İran İmperiyasına qarşı müxalif dini-siyasi təmsilçi idi.

Müctəba, Əli Xameneinin altı övladından ikincisidir. O, orta təhsilini Tehrandakı dini Ələvi məktəbində alıb.

17 yaşında İran-İraq müharibəsi zamanı bir neçə qısa müddətli hərbi xidmətdə olan Müctəba, 1999-cu ildə dini təhsilini davam etdirmək üçün şiə teologiyasının mühüm mərkəzlərindən biri sayılan müqəddəs Qum şəhərinə gedib.

Dini təhsil üçün adətən, daha gənc yaşlarda başlanıldığını bildirən mənbələr, o vaxta qədər ruhani geyimi geyinməyən Müctəbanın 30 yaşında dini məktəbə getməyə niyə qərar verdiyini dəyərləndirməyə çətinlik çəkirlər.

Müctəba uzun illər boyunca rəsmi dövlət vəzifəsi tutmasa da, dövlətdə formalaşan qərar mexanizmlərində təsirli bir rol oynayıb. O, ölkənin siyasi və dini elitasında arxa planda təsir gücü ilə tanınmış islam alimi və din xadimi olub.

Seçki mübahisələri və ilk siyasi ittihamlar

Müctəba Xameneinin adı ilk dəfə 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı geniş ictimaiyyətin diqqətini cəlb etdi. Həmin seçkilər sərt xətt tərəfdarı kimi tanınan Mahmud Əhmədinejadın qələbəsi ilə başa çatmışdı. İslahatçı namizəd Mehdi Kərrubi isə Əli Xameneiyə ünvanladığı açıq məktubda Müctəbanı seçki prosesinə müdaxilə etməkdə ittiham etmişdi. Onun iddiasına görə, Müctəba İran İnqilab Keşikçiləri Korpusu və “Bəsic” milisinin bəzi üzvləri vasitəsilə dini qruplara maliyyə yardımı göstərərək Əhmədinejadın qələbəsinə yardım etmişdi.

Dörd il sonra keçirilən 2009-cu il prezident seçkiləri zamanı da Müctəbanın adı oxşar ittihamlarla gündəmə gəldi. Əhmədinejadın yenidən prezident seçilməsi ölkə boyu geniş etirazlara səbəb oldu və bu hadisələr sonradan “Yaşıl Hərəkat” adı ilə tarixə düşdü. Etiraz aksiyalarında iştirak edən bəzi qruplar Müctəbanın atasının yerinə İranın ali rəhbəri ola biləcəyi ehtimalına qarşı şüarlar səsləndirirdilər.

Həmin dövrdə daxili işlər nazirinin müavini olmuş Mustafa Tacizadə seçkinin nəticələrini “seçki çevrilişi” adlandırmışdı. O, sonradan yeddi il həbs cəzasına məhkum edildi və bunu Müctəba Xamneyinin birbaşa iradəsi ilə əlaqələndirdiyini bildirdi.

2009-cu il seçkilərindən sonra islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi ev dustaqlığına alındı. İran mənbələrinin BBC News-un farsca xidmətinə verdiyi məlumata görə, 2012-ci ilin fevralında Müctəba Musəvi ilə görüşərək ondan etirazları dayandırmağı xahiş etmişdi.

Yeni lider qarşısında duran çətin sınaqlar

Bir sıra müşahidəçilər hesab edir ki, Müctəba hakimiyyətə gəldiyi halda atasının sərt siyasi xəttini davam etdirə bilər. Digər analitiklər isə qeyd edirlər ki, ABŞ və İsrailin hücumları nəticəsində atasını, anasını və həyat yoldaşını itirmiş bir şəxsin Qərbin təzyiqləri qarşısında geri çəkilməsi ehtimalı azdır.

Qərb mütəxəssisləri onun İrana daha sərt xətt gətirə biləcəyini, nüvə proqramı davam etdirəcəyini və regionda daha agresiv siyasət görə biləcəyini irəli sürürlər ki, bu da regional sabitlik üçün risk hesab olunur.

Hazırda onun qarşısında həm İslam Respublikasının mövcudluğunu qorumaq, həm də sanksiyalar və müharibə nəticəsində ağır vəziyyətə düşmüş ölkəni siyasi və iqtisadi böhrandan çıxarmaq kimi olduqca mürəkkəb vəzifə dayanır. Eyni zamanda Müctəbanın liderlik təcrübəsinin olmaması və hakimiyyətin irsi xarakter alması barədə yaranan təsəvvürlər ictimai narazılıqları daha da gücləndirə bilər.

Digər tərəfdən, onun ali rəhbər seçilməsi təhlükəsizlik baxımından da riskləri artırır. Belə ki, həm ABŞ, həm də İsrailin müdafiə nazirləri bir müddət əvvəl bəyan etmişdilər ki, İran rəhbərliyində mümkün varislər “açıq hədəfə çevriləcəklər”.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
46
yenisabah.az

1Источники