RU

Ankara Naxçıvandan gələn yaşıl elektrik enerjisinə strateji əmtəə kimi baxır- – RƏY

Bakı, 10 mart, AZƏRTAC

Ankara Naxçıvan vasitəsilə alternativ enerji resurslarının tədarükünü öz yaşıl elektrik enerjisini Avropaya ixrac etmək üçün strateji fürsət kimi ciddi şəkildə nəzərdən keçirir.

Bu barədə AZƏRTAC -a müsahibəsində “TRENDS Research & Advisory” proqramının Türkiyə üzrə direktoru Suha Çubukçuoğlu bildirib. “Türkiyə son illərdə xüsusilə günəş və külək enerjisində gücü əhəmiyyətli dərəcədə artırıb. Hazırda quraşdırılmış elektrik stansiyalarının gücünün 21 faizi günəş elektrik stansiyalarının, 12 faizi isə külək elektrik stansiyalarının payına düşür. Uzunmüddətli perspektivdə bu gücün bir hissəsinin regional elektrik ticarəti vasitəsilə ixracı məsələsi nəzərdən keçirilə bilər”, - deyə Suha Çubukçuoğlu əlavə edib.

Türk ekspert vurğulayıb ki, Naxçıvan marşrutu burada strateji rol oynaya bilər. “Türkiyə ilə Azərbaycan arasında enerji inteqrasiyası son illər xeyli dərinləşib. Təbii qaz sahəsində olduğu kimi, elektrik enerjisi sektorunda da Naxçıvandan keçən Türkiyə-Azərbaycan xəttinin genişləndirilməsi gələcəkdə Türkiyədə istehsal olunan elektrik enerjisinin bərpaolunan mənbələrdən Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına çıxışını təmin edə bilər”, - deyə o bildirib.

S.Çubukçuoğlu əlavə edib ki, Ankara üçün bu dəhliz təkcə Azərbaycan elektrik enerjisinin Avropaya nəqli layihəsi deyil, həm də Türkiyənin enerji infrastrukturunun Avrasiya enerji şəbəkələrinə qoşulması üçün strateji imkandır. Günəş və külək enerjisi potensialı təxminən 6 GVt olan Naxçıvan “Yaşıl Enerji Zonası” elan edilib. Türkiyə burada istehsal edilən 1 GW elektrik enerjisini ilk növbədə öz sisteminə idxal etməyi, sonra isə Avropaya ixrac etməyi planlaşdırır. Azərbaycandan (Cəbrayıl və s.) Naxçıvan vasitəsilə Türkiyəyə bərpaolunan enerjinin çatdırılması üçün yeni obyektlər tikilir. Bu xətt Türkiyəni Qafqazın “yaşıl enerji qapıları”na çevirir. Naxçıvan-İğdır xəttinin tutumunun artırılması Türkiyənin TANAP və BTC kimi layihələr vasitəsilə əldə etdiyi “enerji mərkəzi”nin (hub) rolunu elektrik enerjisi sektoruna köçürür.

“Ankara Naxçıvandan gələn yaşıl elektrik enerjisinə Avropa İttifaqının “Sərhəd Karbon Tənzimlənməsi Mexanizmi”nin (CBAM) meyarlarına cavab verən strateji ixrac məhsulu kimi baxır”, - deyə o fikrini yekunlaşdırıb.

Leyla Muradzadə - müxbir

Избранный
47
azertag.az

1Источники