RU

ABŞ Hindistan üçün Rusiya neftinə tətbiq olunan sanksiyaları müvəqqəti yumşaldıb

Ağ Ev bildirib ki, Vaşinqton qlobal neft təchizatındakı mümkün çatışmazlığı kompensasiya etmək məqsədilə Hindistana Rusiya neftini qəbul etməyə qısa müddətli icazə verib...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levittin açıqlama verib. Levittin sözlərinə görə, ABŞ Hindistanın Rusiya neftini qəbul etməsinə verilən icazənin uzunmüddətli xarakter daşımadığını və yalnız müvəqqəti tədbir olduğunu bildirib.

Kerolayn Levitt izah edib ki, bu qərar qlobal enerji bazarında yaranmış müvəqqəti təchizat çatışmazlığını kompensasiya etmək məqsədi ilə qəbul olunub. O qeyd edib ki, Vaşinqton Hindistanı ABŞ-nin “yaxşı tərəfdaşlarından biri” hesab edir və məhz bu səbəbdən bu addım atılıb.

Ağ Evin sözçüsü vurğulayıb ki, icazə yalnız artıq tankerlərə yüklənmiş və hazırda dənizdə olan Rusiya neftinə şamil olunur. Onun sözlərinə görə, bu qərar qlobal enerji bazarındakı gərginlik fonunda qısa müddətli sabitliyi təmin etmək məqsədi daşıyır.

Məlumata görə, ABŞ administrasiyası Hindistana 30 gün müddətində Rusiya neftini almağa imkan verən xüsusi lisenziya təqdim edib. Hindistanın neft emalı zavodlarının artıq təxminən 20 milyon barrel həcmində Rusiya nefti aldığı bildirilir.

Bununla yanaşı, martın 10-da Hindistanın ən iri maliyyə qurumlarından biri olan Dövlət Bankı — State Bank of India (SBI) ABŞ tərəfindən verilmiş müvəqqəti icazəyə baxmayaraq Rusiya neftinə görə ödənişləri həyata keçirməkdən imtina edib.

Reuters agentliyinin məlumatına görə, ABŞ administrasiyası bu qərarı Yaxın Şərqdə gərginliyin artması fonunda qəbul edib. Xüsusilə də İrana qarşı zərbələr və Hörmüz boğazının bağlanması riskinin artması Hindistan üçün enerji təchizatı baxımından ciddi risk yaradıb. Qeyd olunur ki, Hindistanın neft idxalının təxminən 40 faizi məhz bu strateji marşrut vasitəsilə həyata keçirilir.

Ekspertlərin fikrincə, ABŞ tərəfindən verilən yeni icazə daha çox mövcud vəziyyətlə bağlı zəruri və məcburi addım kimi qiymətləndirilir. Daha əvvəl Vaşinqtonun təzyiqi ilə Hindistan Rusiya enerji resurslarının idxalını əhəmiyyətli dərəcədə azaltmışdı.

Poliqon.info

Избранный
83
poliqon.info

1Источники