RU

“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov

style='margin-bottom:10px;'>

Bolqarstanın “Arda” klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun QOL.az saytına müsahibəsi

- Cəlal, Bolqarıstanda işləriniz necə gedir?

- İşlərim yaxşıdır. Komandanın daxilində böyük rəqabət var. Öz yerimi daha da möhkəmləndirməyə çalışıram. Komandamızın vəziyyəti də pis deyil. Çempionatda ən azı 5-ci yer üçün oynayırıq. Bolqarıstan kubokunda da yarımfinaldayıq. Hədəfimiz kuboku qazanmaqdır. Bunun üçün də yaxşı şansımız var. Hər iki yarışda maksimum nəticə qazanmağa çalışırıq – həm 5-ci yeri tutub pley-off oynamaq, həm də kubokun qalibi olmaq. Öz durumum da yaxşıdır. Çox oyunlarda meydanda oluram, bəzən oynamıram. Çünki komandada sağlam rəqabət var. Çalışıram ki, öz yerimi daha da möhkəmləndirim.

- Bolqarıstan çempionatı Azərbaycan Premyer Liqasından çoxmu fərqlənir?

- Çox da böyük fərq yoxdur. Amma düşünürəm ki, səviyyə baxımından Bolqarıstan çempionatı daha üstündür. Yayda “Levski” ilə “Sabah”ın oyunları olmuşdu. O oyunlarda (hər iki matçda “Levski” qalib gəlib – 1:0, 2:0 – QOL.az) göründü ki, səviyyə fərqi var, amma çox da böyük deyil.

- Bolqarıstanda türklərin çox olduğunu bilirik. Bu baxımdan yəqin ki, sizin üçün ünsiyyət, ora uyğunlaşmaq daha rahat oldu.

- Bolqarıstanın hər yerində türk çoxdur. Hara getsən türk tapa bilərsən. Amma Türkiyədəki türklər kimi deyillər. Artıq bolqarlarla qarışıblar, daha çox Avropaya uyğunlaşıblar. Demək olar ki, bolqarlar kimi yaşayırlar.

- “Arda”nın təmsil olunduğu Kırcaalı şəhərində türklər daha çoxdur. Şəhərdə türk mədəniyyəti necə hiss olunmur?

- Bəli, demək olar ki, şəhərin 70-80 faizi türklərdir. Şəhərdə 3 məscid var. Yaxın kəndlərdə də məscidlər olduğun bilirəm. Amma deyə bilmərəm ki, Türkiyə mədəniyyətini möhtəşəm səviyyədə saxlayırlar. Daha çox Avropa mədəniyyətinə üstünlük verirlər

- Bolqarıstanda Azərbaycan futbolu ilə bağlı nə dərəcədə məlumatlıdırlar?

- Bəzi komandalar haqda məlumatları var. Məsələn, “Qarabağ”, “Sabah” və “Neftçi”ni tanıyırlar. Əvvəlki “İnter”i də soruşanlar olub. Yəni Azərbaycan futbolundan xəbərsiz deyillər.

- “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında səfərdə “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldi. Yəqin ki, “Qarabağ”dan daha çox danışırlar.

- “Qarabağ”ı onsuz da tanıyırdılar. Yəni o oyun haqqında çox müzakirələr oldu, amma “Qarabağ” Bolqarıstanda daha əvvəldən tanınır.

- “Arda” ilə müqaviləniz mövsümün sonunda bitir. Klubda qalmaq fikriniz var?

- Müqaviləmin sonuna hələ ki, 3 ay var. Az vaxt deyil. Onsuz da bura daha yaxşı liqaya getmək üçün gəlmişəm. “Arda”nı daha yaxşı liqaya getmək üçün tramplin kimi istifadə etmişəm. Desəm ki, burda qalmaq istəmirəm, o da düzgün olmaz. Ən pis halda burda qalacam. Azərbaycan çempionatına isə ümumiyyətlə qayıtmaq istəmirəm. Düzdür, sabah nə olacağını bilmək olmaz. Daha yaxşı təklif olmaya da bilər. Hətta öz klubum yeni müqavilə təklif etməz, onda Azərbaycana qayıdaram. Amma qayıtmaq fikrim yoxdur. Ən pis halda “Arda”da qalıb 1 il də oynayaram, amma arzum daha yaxşı çempionata getməkdir. Yayda xeyirlisi nədirsə, o da olacaq.

- “Arda”nın sizin üçün tramplin olduğunu dediniz. Daha irəli getmək üçün variantlar, təkliflər varmı?

- Hazırda elə bir şey yoxdur. Çünki hələ tezdir. Çox nadir klublar olar ki, indidən öz planlarını qurublar. Amma klubların əksəriyyəti mövsümün sonunu gözləyir. Ona görə də hələ tezdir. Mənim də hələ ki, hər hansı bir klubla danışığım olmayıb. Amma inanıram ki, yaxşı variantlar olacaq. Bunun üçün çalışırıq.

- Azərbaycan millisi ilə bağlı da danışaq. Yığmamız Millətlər Liqasının D liqasında Litva və Lixtenşteynlə mübarizə aparacaq. Yenidən C liqasında yüksəlmək perspektivini necə görürsünüz?

- Məncə, biz bu qrupdan 1-ci yerdə çıxmalıyıq. Qarşımıza qoyulacaq məqsəd bu olmalıdır. Rəqiblər də dişimizə görədir. Hər oyunda qalib gəlməli, növbəti mərhələyə vəsiqə qazanmalı olan komanda bizik. Yəni hər dəfə qalib gəlməsək də, mütləq mərhələni keçməliyik.

Ramiq Ağaməmmədov

Избранный
33
1
teleqraf.com

2Источники