RU

Avropa çempionatına 5 medalla start

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, yarışın 2-ci günündə sərbəst güləş üzrə 5 çəkidə medalçılar müəyyənləşib. Vasif Bağırov (57 kq) finalda rusiyalı Ayanday Ondarla qarşılaşıb. Görüşə yaxşı başlayan güləşçimiz 3:0 hesablı üstünlük əldə etsə də, sona doğru təşəbbüsü əldən verib – 3:7. Nəticədə gümüş medalla kifayətlənib. Musa Ağayevin (65 kq) ermənistanlı Arman Musikyanla görüşü dramatik alınıb. Sonuncu dəqiqəyədək 0:4 hesabıyla geridə olan həmyerlimiz əsl əzmkarlıq nümayiş etdirərək yekunda 6:4 hesablı qələbəyə sevinib. Bununla da bürünc medalı boynundan asıb. Ramik Heybətov (70 kq) təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 6:2. Bürünc medal uğrunda qarşılaşmada Ukraynalı Mikita Sariyevə şans tanımayan (10:0) Heybətov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Səbuhi Əmiraslanov (79 kq) finalda rusiyalı İsmayıl Xaniyevlə bacarmayıb – 0:11. Belədə Avropa çempionatını 2-ci pillədə başa vurub. Zəfər Əliyev (97 kq) üçüncü yer uğrunda türkiyəli Emirhan Kılıçla gücünü sınayıb. Görüşə yaxşı başlamayan milli üzvü 0:9 hesabıyla geri düşsə də, mübarizəni sonadək davam etdirib. Əsl xarakter nümayiş etdirən Əliyev 19:9 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz qitə birinciliyinə 2 gümüş və 3 bürünc medalla start verib.

Избранный
89
4
ikisahil.az

5Источники