RU

Üç həftədən artıq davam edən öskürək araşdırılmalıdır

\Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova ilə müsahibə

Son günlər həm uşaqlar, həm də böyüklər arasında öskürək hallarında artım müşahidə olunur. Bəzən insanlar öskürəyi sadə soyuqdəymə əlaməti kimi qiymətləndirir və uzun müddət davam etsə belə buna ciddi yanaşmırlar. Halbuki bəzi hallarda uzunmüddətli öskürək müxtəlif xəstəliklərin göstəricisi ola bilər. Mövzu ilə bağlı Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova suallarımızı cavablandırıb.

– Xumar həkim, son günlər öskürək hallarının artmasının əsas səbəbləri nələrdir? Bu daha çox mövsümi viruslarla bağlıdır, yoxsa digər amillər də rol oynayır?

– Hazırda müşahidə olunan öskürək hallarının böyük hissəsi mövsümi respirator virus infeksiyaları ilə bağlıdır. Payız-qış və erkən yaz mövsümündə virusların yayılması artır və bu da yuxarı tənəffüs yollarının iltihabı ilə nəticələnir. Bununla yanaşı, hava çirklənməsi, allergik reaksiyalar, temperatur dəyişiklikləri və bəzən quru hava da öskürəyin yaranmasına və ya daha uzun müddət davam etməsinə səbəb ola bilər.

– Virus infeksiyaları zamanı öskürək adətən nə qədər davam edir?

– Virus infeksiyaları zamanı öskürəyin davametmə müddəti xəstəliyin gedişindən asılıdır. Adətən xəstəliyin ilk 3–5 günü başlanğıc mərhələ hesab olunur. Bu dövrdə qızdırma, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə yanaşı öskürək də müşahidə edilir.

Sonrakı mərhələdə, təxminən 7–10 gün ərzində öskürək daha aktiv dövrünü yaşayır. Bəzi insanlarda isə virusdan sonra “postviral öskürək” adlanan vəziyyət yarana bilər. Bu zaman öskürək 2–3 həftəyə qədər davam edə bilər. Bunun əsas səbəbi virusdan sonra bronxların selikli qişasının bir müddət həssas qalmasıdır.

– Öskürək hansı hallarda artıq ciddi qəbul edilməli və həkimə müraciət olunmalıdır?

– Öskürək 3 həftədən artıq davam edərsə, artıq uzunmüddətli sayılır və səbəbin müəyyənləşdirilməsi üçün mütləq həkim müayinəsi aparılmalıdır. Bundan əlavə aşağıdakı hallarda gecikmədən həkimə müraciət etmək vacibdir:

• öskürək 2–3 həftədən çox davam edərsə

• qızdırma 3 gündən artıq qalarsa

• nəfəs darlığı və ya sinə ağrısı yaranarsa

• bəlğəm sarı-yaşıl rəngdə və ya qan qarışıqlı olarsa

• güclü halsızlıq və başgicəllənmə müşahidə edilərsə

Xüsusilə uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəlikləri olan şəxslərdə bu əlamətlər daha diqqətlə qiymətləndirilməlidir.

– Öskürəyin quru və ya bəlğəmli olması xəstəliyin gedişi haqqında nə deyə bilər?

– Virus infeksiyalarında öskürək çox vaxt əvvəlcə quru xarakterli olur. Bir neçə gün sonra isə bəlğəmli öskürəyə çevrilə bilər. Bu, bronxların selikli qişasının infeksiyaya reaksiyası ilə bağlıdır. Tənəffüs yolları bərpa olunduqca öskürək tədricən azalır və aradan qalxır.

– İnsanlar öskürəyin qarşısını almaq və ya ağırlaşmaların riskini azaltmaq üçün nə etməlidirlər?

– Ən vacib məqam vaxtında müalicə və profilaktik tədbirlərdir. Virus infeksiyaları zamanı kifayət qədər istirahət etmək, bol maye qəbul etmək, otağın havasını mütəmadi dəyişmək və həkimin tövsiyə etdiyi müalicə üsullarına əməl etmək vacibdir. Uzun müddət davam edən və ya digər ciddi simptomlarla müşayiət olunan öskürək hallarında isə özünü müalicə ilə məşğul olmaq düzgün deyil.

Mütəxəssis vurğulayır ki, öskürək çox vaxt sadə respirator infeksiyanın əlaməti olsa da, 3 həftədən artıq davam edən hallarda səbəbin araşdırılması və vaxtında həkimə müraciət edilməsi sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Dilarə Zamanova

Избранный
90
2
sia.az

3Источники