Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Fitch ratings”in Azərbaycan nikbinliyi
Yaxın Şərqdə gərginliyin artması və İranda baş verən proseslər qlobal iqtisadi sistemdə, xüsusilə də inkişaf etməkdə olan ölkələrin maliyyə dayanıqlılığına yeni təhlükə yarada bilər. Beynəlxalq reytinq qiymətləndirmələri göstərir ki, regional münaqişə yalnız siyasi sabitliyə deyil, həm də enerji resursları, maliyyə axınları və valyuta bazarları vasitəsilə bir sıra ölkələrin iqtisadi vəziyyətinə təsir göstərə biləcək amillər formalaşdırır.
Qiymətləndirmələrə görə, münaqişənin təsiri, əsasən, bir neçə iqtisadi kanal üzərindən ötürülə bilər. Enerji idxalının bahalaşması, pul köçürmələrinin azalması, maliyyə subsidiyalarının məhdudlaşması, valyuta məzənnələrində təzyiq və beynəlxalq maliyyələşməyə çıxışın çətinləşməsi bir çox inkişaf etməkdə olan ölkələr üçün əlavə risklər yaradar. Xüsusilə enerji resurslarından asılı olan iqtisadi sistemlərdə bu faktorlar makroiqtisadi sabitlik üçün ciddi sınağa çevrilə bilər.
Regional qeyri-sabitlik humanitar və sosial təsirlərlə də müşayiət olunur. “Fitch ratings” beynəlxalq reytinq agentliyi öz hesabatında bildirir ki, İranda vəziyyətin kəskinləşməsi qaçqın axınının artmasına gətirib çıxarsa, region ölkələri üçün yeni sosial-iqtisadi çağırışlar yaranar. Bu kontekstdə Azərbaycan, Türkiyə və İraq kimi ölkələr potensial təsirlərə məruz qala biləcək dövlətlər sırasında göstərilir.
Digər tərəfdən, enerji bazarlarında baş verən dəyişikliklər bəzi ölkələr üçün yeni iqtisadi imkanlar da yaradar. Fars körfəzi regionundan kənarda yerləşən və karbohidrogen ixrac edən bir sıra inkişaf etməkdə olan dövlətlər üçün enerji qiymətlərinin uzun müddət yüksək səviyyədə qalması ixrac gəlirlərinin artmasına səbəb ola bilər. Bu isə dövlət maliyyəsinin möhkəmlənməsinə və xarici maliyyə mövqelərinin yaxşılaşmasına şərait yaradar.
Eyni zamanda, enerji bazarında mümkün sarsıntıların əsas təhlükə mənbələrindən biri də Hörmüz boğazı ətrafında yaranan gərginlikdir. Analitik qiymətləndirmələr göstərir ki, əgər bu strateji nəqliyyat marşrutunda mümkün bağlanma qısamüddətli – təxminən 1 ay və ya daha az davam edərsə və regiondakı neft hasilatı infrastrukturuna ciddi ziyan dəyməzsə, inkişaf etməkdə olan bazarlar üçün risklər nisbətən məhdud qala bilər. Lakin prosesin uzanması və ya enerji infrastrukturuna zərər dəyməsi qlobal enerji bazarlarında daha dərin dalğalanmalar yarada bilər.
Enerji qiymətlərinin artması xüsusilə xalis enerji idxalçısı olan ölkələr üçün ciddi makroiqtisadi yük yaradır. Bir çox inkişaf etməkdə olan ölkələrdə qazıntı yanacaqlarının idxalı ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir. Böyük iqtisadiyyatlar arasında Çili, Misir, Hindistan, Mərakeş, Pakistan, Filippin, Tailand və Ukrayna kimi dövlətlərdə bu göstəricinin ÜDM-in 3 faizi və ya daha çoxuna bərabər olduğu qeyd edilir. Bu isə enerji qiymətlərində artımın həmin ölkələrin cari hesab balansına və fiskal imkanlarına birbaşa təsir etdiyini göstərir.
Xüsusilə maliyyə imkanları məhdud olan və ya artıq böyük cari hesab kəsiri ilə üzləşən ölkələr üçün çətinlik daha kəskin şəkil alır. Enerji idxalının bahalaşması belə iqtisadiyyatlarda maliyyə sabitliyini zəiflədər və xarici borc öhdəliklərinin icrasını çətinləşdirər.
Digər tərəfdən, İranda baş verən proseslərin gələcək istiqaməti ilə bağlı müxtəlif ehtimallar da nəzərdən keçirilir. Analitik qiymətləndirmələrə görə, ölkənin siyasi inkişafı bir neçə mümkün ssenari üzrə formalaşa bilər. Bunlardan biri mövcud siyasi sistemin müəyyən dərəcədə zəiflədilmiş formada davam etməsi ehtimalıdır. Digər ssenari hakim elitalar daxilində sərt mövqeli qüvvələrlə daha praqmatik yanaşma tərəfdarları arasında parçalanmanın dərinləşməsi ilə bağlıdır. Üçüncü ehtimal isə dövlət idarəetmə sistemində mərkəzi hakimiyyətin tədricən zəifləməsi ilə xarakterizə olunur.
Bu ssenarilərin hər biri regionun geosiyasi və iqtisadi mənzərəsinə fərqli təsir göstərə bilər. Eyni zamanda, İranın strateji kursunun yaxın perspektivdə köklü şəkildə dəyişməsi ehtimalı nisbətən zəif qiymətləndirilir. Ümumilikdə, Yaxın Şərqdə baş verən hadisələr qlobal iqtisadi sistem üçün həm risklər, həm də yeni iqtisadi reallıqlar yaradır. Enerji bazarlarında dalğalanmalar, maliyyə axınlarında dəyişikliklər və regional təhlükəsizlik mühiti bir çox inkişaf etməkdə olan ölkələrin iqtisadi siyasətində ehtiyatlı və çevik yanaşmanı zəruri edir. Bu baxımdan, regionda baş verən proseslərin inkişafı yalnız siyasi deyil, həm də qlobal iqtisadi gündəmin əsas mövzularından biri olaraq qalır.
“Fitch ratings” onu da qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı rəqəmsal valyutanın tətbiqi zamanı böyük ehtimalla ikisəviyyəli modelə üstünlük verər. Bu modelə əsasən, mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) emissiyası və ümumi idarəetməsi tənzimləyici qurumda qalır, vətəndaşlara və biznes subyektlərinə təqdim olunması isə kommersiya bankları vasitəsilə həyata keçirilir. Belə yanaşma maliyyə sistemində mövcud bank infrastrukturunun qorunmasına və yeni texnologiyaların mərhələli şəkildə inteqrasiyasına imkan yaradır.
Qiymətləndirmələrə görə, bu proses bank sektorundan əlavə texnoloji və institusional hazırlıq tələb edəcək. Kommersiya banklarının mərkəzi bankın rəqəmsal platformasına qoşulması, yenilənmiş komplayens tələblərinin yerinə yetirilməsi, kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi və əməliyyat mexanizmlərinin uyğunlaşdırılması üçün əlavə investisiyalara ehtiyac yaranması ehtimalı da var.
Eyni zamanda, rəqəmsal valyutanın tətbiqi bank sektoru üçün müəyyən risklər də yaradar. Müştərilərin vəsaitlərinin bir hissəsini bank depozitlərindən rəqəmsal valyutaya yönəltməsi depozit bazasının daraldar ki, bu da kredit təşkilatlarının maliyyələşmə imkanlarına və likvidlik ehtiyatlarına təsir göstərər. Nəticədə bankların daha bahalı maliyyə mənbələrinə müraciət etmək ehtimalı var.
Digər tərəfdən, “Fitch ratings” agentliyinin Azərbaycan üçün 2026-2027-ci illərdə real ÜDM-in artım proqnozunu 2,4 faiz səviyyəsində dəyişməz saxlayıb ki, bu da ölkənin ortamüddətli iqtisadi artım potensialına uyğundur. Proqnozlara görə, orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,6 faizə çatacaq, 2027-ci ildə isə 4 faizə enəcək. 2026-2027-ci illərdə büdcə siyasəti mötədil stimullaşdırıcı xarakter daşıyacaq, bu da Azərbaycanın azad edilmiş ərazilərindəki xərclər və digər kapital qoyuluşları ilə bağlıdır.
Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşmasından irəli gələn “sülh dividendləri” sayəsində müdafiə büdcəsinin qismən tam istifadə olunmaması istisna edilmir. Planlaşdırılmış investisiyaların strukturunun daxili inflyasiya təzyiqinin əhəmiyyətli artımına səbəb olmayacağı ehtimal olunur.
Nurlan ABDALOVXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.