RU

Azərbaycanda alternativ enerji sektorunda icra problemi

Azərbaycanda alternativ enerji sahəsi son illərdə sürətlə diqqət mərkəzinə gəlsə də, real inkişaf hələ arzu olunan səviyyədə deyil. Ölkədə günəş və külək enerjisi potensialı böyükdür, beynəlxalq öhdəliklər mövcuddur, lakin hüquqi, institusional və texniki əngəllər sahənin tam inkişafına mane olur.

Mövzu ilə bağlı Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin Sədri Ceyhun Xəlilov QHT.az-a açıqlama verib. 

Azərbaycanda alternativ enerji mövzusu artıq siyasi gündəmin dekorasiyasından çıxıb real iqtisadi məsələyə çevrilib. Ölkənin günəş və külək potensialı əhəmiyyətlidir, beynəlxalq öhdəliklər mövcuddur, hüquqi baza müəyyən dərəcədə formalaşıb. Lakin sektorun real inkişafının önündə duran əsas maneə artıq qanunvericiliyin olub-olmaması deyil — qanunun icrasını məqsədyönlü şəkildə ləngidən struktur problemlərdir.

C.Xəlilov sözlərinə görə, “Azərbaycanda alternativ enerji sahəsinin əsas problemi qanunun olmaması deyil, mövcud qanunun icrasının ləngidilməsidir".

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi aktiv istehlakçının dəstəklənməsi mexanizmini müəyyən edir. Ceyhun Xəlilov bildirib ki, qanuna görə vətəndaşlar öz enerji ehtiyaclarını ödəmək üçün stansiyalar quraşdıra, istehsal etdikləri enerjinin artıq hissəsini şəbəkəyə ötürə və istehlakları istehsaldan çox olduqda şəbəkədən əlavə enerji götürə bilərlər. Şəbəkəyə ötürülmüş enerji istehlakdan artıq olduqda isə topdansatış qiymətlər üzərindən kompensasiya nəzərdə tutulur.

Sədr vurğulayıb ki, 2021-ci il iyulun 12-də Prezident həmin qanunun tətbiqi barədə 1387 nömrəli Fərman imzalayıb. Beş gün sonra Baş nazir Əli Əsədov bu Fərmanın icrasının təmin edilməsi haqqında sərəncam verib. Sərəncamda açıq göstərilirdi: qanunun 1.1.12-ci və 10.4-cü maddələrinə uyğun olaraq istehsal edilən elektrik enerjisinin güc həddi və aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları ilə bağlı təkliflər səkkiz ay ərzində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmalıdır.

C.Xəlilov əlavə edib ki, aradan beş ildən artıq vaxt keçsə də, həmin təkliflər təqdim edilməyib. “Beləliklə, fiziki şəxslərin dövlətə enerji satması qanunla rəsmən təsbit olunmuş olsa da, icra mexanizmi — yəni bu hüququ reallaşdıracaq qaydalar — hələ də qəbul edilməyib. Qanun var, Fərman var, Sərəncam var; lakin əməl yoxdur” – deyə o bildirib.

Fərdi günəş stansiyası quraşdıran vətəndaş üçün ən kritik praktiki problem ikitərəfli sayğacın olmamasıdır. Bu sayğac sistemin açarıdır: o olmadan istehlakçı şəbəkəyə nə qədər enerji ötürdüyünü ölçə, deməli şəbəkə ilə hesablaşa bilmir.

Sədr vurğulayıb ki, “Azərbaycanda isə bu sayğacların ölkəyə gətirilməsinin qarşısı süni şəkildə alınır. Bu, texniki əngəl deyil — müəyyən çevrələrin mövcud enerji inhisarını qorumaq üçün davam etdirdiyi bürokratik dirənişdir. Nəticədə vətəndaş əlavə akkumulyator almağa məcbur olur ki, bu da investisiyanın geri qaytarılma müddətini o qədər uzadır ki, sistem iqtisadi cəhətdən cəlbediciliyini itirir".

Dünya təcrübəsində Net Metering və Net Banking sistemləri alternativ enerjinin tətbiqi üçün əsas mexanizmlər hesab olunur. Ceyhun Xəlilov bildirib ki, bir çox ölkələrdə iki əsas model fəaliyyət göstərir: Net Metering — istehlakçı şəbəkəyə ötürdüyü enerji ilə aldığı enerjini ofset edir; ay sonunda yalnız fərqə görə ödəniş aparılır; Net Banking — şəbəkəyə ötürülmüş enerji “kredit” kimi uçota alınır və istehlakçı bu krediti sonrakı dövrlərdə istifadə edə bilir.

C.Xəlilov qeyd edib ki, keçmiş Sovet məkanında Gürcüstan hər iki mexanizmi qanunvericiliklə tənzimləyib, Ukrayna isə bu sistemi enerji müstəqilliyini artırmaq məqsədilə sürətlə genişləndirir. Azərbaycanda isə nə Net Metering, nə də Net Banking tam tətbiq edilib — hərçənd bunun üçün lazım olan hüquqi zəmin formal olaraq mövcuddur.

Alternativ enerjinin ölkə enerji balansındakı payını artırmağın ən effektiv yolu mütləq iri stansiyalar inşa etmək deyil. Sədr vurğulayıb ki, “Əgər vətəndaşa öz həyətindəki paneldən istehsal etdiyi artıq enerjini qonşusuna satmaq hüququ verilsəydi, bu həm bazarda rəqabət yaradardı, həm də enerji qiymətlərinin aşağı düşməsinə şərait hazırlayardı".

C.Xəlilov əlavə edib ki, bu imkanın hüquqi əsası artıq qismən mövcuddur. Milli Gəlirlər Departamentinin müəssisə fəaliyyət kodlarına nəzər yetirsək, elektrik enerjisinin istehsalı (3511001, 3511002), istehlakçılara satışı (3514001) və vasitəçilik fəaliyyəti (3514002) üzrə qeydiyyat imkanları rəsmi olaraq tanınıb. Lakin bu kodların mövcudluğu ilə onların real tətbiqi arasındakı məsafə hələ çox böyükdür.

Sektorun inkişafı üçün böyük büdcələrdən əvvəl siyasi iradə vacibdir. C.Xəlilov qeyd edib ki, konkret olaraq atılmalı addımlar bunlardır: icra boşluğunun aradan qaldırılması; ikitərəfli sayğacların bazara çıxışının açılması; Net Metering sisteminin tətbiqi; desentralizasiyaya hüquqi imkan yaradılması; stimullaşdırıcı mexanizmlərin işə salınması; şəffaflıq və peşəkar kadrların cəlb edilməsi.

Nəticə olaraq, Ceyhun Xəlilov bildirib ki, Azərbaycanda alternativ enerji sahəsində əsas problem qanunun olmaması deyil, mövcud qanunun icrasının ləngidilməsidir. “Prezident Fərmanı verilmiş, Baş nazir Sərəncamı imzalanmış, lakin icra qaydaları iki ildən artıqdır ki, masanın üstündə qalmaqda davam edir. Bu gecikmə təsadüfi deyil — mövcud enerji inhisarının maraqlarını qoruyan struktur dirənişin nəticəsidir” – deyə o əlavə edib.

C.Xəlilov sözlərinə görə, əgər bu dirəniş aradan qaldırılsa, ikitərəfli sayğacların önü açılsa və vətəndaşa enerji istehsal edib satmaq hüququ faktiki olaraq tanınsa — Azərbaycan iri büdcə xərcləmədən alternativ enerjinin ümumi enerji balansındakı payını qısa müddətdə əhəmiyyətli dərəcədə artıra bilər.

Fatimə Nəbiyeva

Избранный
66
qht.az

1Источники